Ana səhifə > Yay məktəbi >> Təəssürat 2013

Təəssüratlar 2015 Təəssüratlar 2014 Təəssüratlar 2013 Təəssüratlar 2012 Təəssüratlar 2011 Təəssüratlar
2010

Səfərli Elvin Sərvər o. - ARDNŞ-nin işçisi
Layihə haqqında
Layihə ölkəmizin müxtəlif sferalardan olan gənclərini bir araya gətirən, onların inkişafına, dünyagörüşlərinə yeni bir baxış, yeni bir istiqamət gətirən gözəl, uğurlu layihələrdən biri və zənnimcə birincisidir. Bu layihə ARDNŞ-nin Azərbaycanın gələcəyi olan gənclərə verdiyi önəmin, göstərdiyi qayğının bariz nümunələrindən yalnız biridir. Layihənin həyata keçirildiyi 10 gün ərzində iştirakçılar neft-qaz sənayesi, enerji sektoru haqqında yeni, dolğun məlumatlar əldə etmək, intellektual səviyyələrini, dünyagörüşlərini artırmaqla bərabər digər iştirakçılar və təşkilatçıların timsalında özlərinə yeni çevrə, səmimi, mehriban, dost mühit qazanmaq şansını da əldə edirlər.
Mən və SYM-2013
Layihə barədə eşitdiyim ilk günlərdən dəyərləndirdim, izlədim, səbrlə iştirak edəcəyim günləri gözlədim, sənədlərimi təqdim etdim, müsabiqə və müsahibə mərhələlərinə qatıldım, seçimlər nəticəsində iştirakçı oldum.
Layihənin nəticələri
10 gün əslində çox qısa bir müddət olsa da bizim həyatımızda unudulmaz anlardan olacaq, biz bu anları daim minnətdarlıq və xoş hisslərlə xatırlayacağıq. Bu günlər bizi - Azərbaycan gəncliyinin kiçik bir qismini, yerli və xarici ali məktəblərin tələbələrini, gənc ARDNŞ əməkdaşlarını birləşdirdi, dostlaşdırdı. Bu layihə bizlərdə ruh yüksəkliyi yaratdı, uğurlara doğru aparan yollarımızı aydınlatdı.
Layihənin gələcəyi barədə düşüncələr
Hər il yenilənən layihənin davamlı olmasını, iştirakçı sayının artmasını və əhatə dairəsinin genişləndirilməsini, iştirakçılar üçün daha da çoxsaylı yeni imkanlar yaradılmasını arzu edirəm. Azərbaycan neftçiləri ailəsinin bir üzvü olmağım, ARDNŞ-nin uğurlarına birgə sevinə bilməyimlə qürur duyuram.
Təəssüratlar, yazılacaq fikirlər çoxdur. Bir qismini də belə ifadə edə bilərəm:
ARDNŞ YAY MƏKTƏBİ
Y enilikdir
A noloji layihələrin birincisidir
Y ay istirahətidir
M üasir düşüncədir
Ə n yaxşıların layihəsidir
K eyfiyyətdir
T əəssüratlardakı məmnunluqdur
Ə srarəngizdir
B irləşdirən dəyərdir
İ nkişafa aparan yoldur
Sonda isə bu maraqlı anları, bu sevinci, bu şansı Azərbaycan gənclərinə bəxş etdiyinə görə ARDNŞ-nin prezidenti cənab R.Abdullayevə, İnsan Resursları Departamentinin kollektivinə, layihədə zəhməti keçən hər bir kəsə, təşəbbüskarlara, iştirakçılara səmimi minnətdarlığımı bildirir, hər birinizə gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm. Diqqətinizə görə minnətdaram ... ..

Şəkərov Elçin Hafiz o. - ARDNŞ-nin işçisi
Fürsətdən istifadə edib bütün SYM-2013 iştirakçılarını və təşkilatçıları salamlayıram. Təəssüratlarımı başlamadan yekun bir söz demek istərdimki futbol dili ilə desək bu "10 gün" Erkən qol kimi oldu həyatımda. Hər şeyi olmasa da çox şeyi dəyişdi. Həyatımın axışını , planlarımı, düşüncələrimi, dünyagörünüşümü dəyişdi. Bəlkə də heç zaman fikir vermədiyim nüansları ağlımda canlandırdı.Təhsil və iş profilimdən uzaq olsa da marağım olan bir çoxsahələr haqqında ətraflı geniş biliklərə yiyələndim. Ən maraqlısı olan isə hər zaman sadəcə xəyalımda olan səmimi və səmimi olduğu qədər də sərt bir mühitdə səmimi bir informasiya mübadiləsi daha da irəli gedib təhsil də deməyə çəkinməzdim. Seçilmiş 35 iştirakçının heç biri mənə görə təsadüfi və ya yalnış deyildi. Statusundan və təhsilindən asılı olmayaraq hər kəslə ayrılıqda ya da birlikdə münasibətdə olmaq, söhbət etmək çox maraqlı idi. Mənə görə bunun səbəbi iştirakçıların fərqli olsa da geniş dünyagörünüşünə malik olası idi. Stabil qida rejimi, yuxu rejimi, gərgin
və yorğun gün qrafiki, yorğun olması ilə yanaşı maraqlı və intellektuaı gün qrafiki, təşkilatçıların səmimi,mehriban və xoş münasibəti heç bir zaman unudulmayacaq xoş hisslər yaratdı. Bunun üçün bütün zəhməti keçən təşkilatçılara xüsusi ilə iştirakçılara öz təşəkkürümü bildirirəm. Çox sağolun.

Cümşüdova Gülnarə Əkbər q. - BDU, magistr II kurs, Mexanika
Əvvəla, bu uğurlu layihənin ideya sahiblərinə, onu təşkil edən bütün yaradıcı şəxslərə - SYM ailəsinə, bizimlə birlikdə maraqlı 10 gün keçirən, əziyyətini əsirgəməyən bütün təşkilati heyətə dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bildirirəm. Bu Yay Məktəbi gözəl, fərqli günləri ilə xatirəmizdə öz əksini tapdı. Qısa müddət ərzində Socar Yay Məktəbi mənə çoxlu elmi və praktiki biliklər, geniş həyat təcrübəsi, yeni dostluq çevrəsi qazandırdı, gələcək iş həyatım üçün stimulverici, öz ixtisasım üzrə daha da təkmilləşməyə istiqamətverici və təhrikedici bir layihə oldu. Mühazirələrdə, ekskursiyalarda öyrəndiklərimiz, gördüklərimiz neft-qaz sektorunda uğurlu karyera qurmaq üçün motivasiya oldu. Hər gün özünəməxsusluğu, özəlliyi, fərqli mövzuya malik olmağı ilə seçilərək, böyük maraq kəsb edərək, müxtəlif sahələrdə də geniş biliklər, məlumatlar əldə etməyimizdə xüsusi rola malik oldu. Bu unudulmaz günləri bizə yaşatdığınız üçün çox sağolun.

Babayeva Elnurə Hilal q. - ADNA, magistr II kurs, Avtomatika və İKT
SOCAR yay məktəbi dedikdə ağlıma ilk olaraq səmərəli şəkildə keçən dəyərli “10 gün” gəlir. Əvvəlki illərdə keçirilən yay məktəblərinə baxanda həmişə bu proqramın iştirakçısı olmaq arzusunda olmuşam və seçilənlər siyahısında öz adımı gördükdə nəhayət ki, arzuma çatdığın üçün çox sevindim. Məktəb başlamazdan əvvəl bu proqram haqqında tam fərqli fikirlərə sahib idim. İlk olaraq tanımadığım, yeni mühit məni biraz qorxudurdu. Yeni mühitdə sıxılacağımı, darıxacağımı fikirləşirdim, hətta 10 gün mənə çox uzun müddət kimi görünürdü. Məktəbin günlük proqramı ilə tanış olduqdan sonra isə hər günümüzün ağır mühazirələr və ciddi dərs rejimində olacağını düşünürdüm. Lakin elə ilk günlərdən bütün fikirlərim dəyişməyə başladı və bütün narahatçılıqlarımın əsassız olduğunu gördüm. Məktəbin elə ilk günlərindən iştirakçıların bir çoxu ilə səmimi münasibət formalaşdı, hətta içimdə bəzi iştirakçıları bir neçə gün deyil də uzun müddət tanıdığım hissi var idi. Yalnız iştirakçıların deyil eyni zamanda
təşkilatçıların, bizə dərs deyən müəllimlərin, hətta vitse-prezidentlərin belə bizə qarşı bu dərəcədə səmimi münasibəti, onlarla sərbəst şəkildə ünsiyyət qurmaq, fikirlərimizi bölüşmək doğurdan da çox xoş idi. Məktəbdə öyrəndiyim ən mühüm şey isə bir günün əslində nə qədər uzun olması və bu bir gün ərzində nə qədər çox iş görməyin mümkünlüyü oldu. Həyatımda indiyə qədər bir gün ərzində həm bu qədər informasiya almaq, bu nəzəri məlumatların canlı tətbiqini görmək, həm də istirahət edib, əyləndiyim olmamışdı. Keçirilən mühazirələrin isə ixtisasımla çox da yaxından əlaqəsi olmamağına baxmayaraq quyuların qazılması, neftin emalı və s. kimi mövzuların nə qədər maraqlı olduğunu gördüm. Qeyd edim ki, nəinki mühazirələr, eyni zamanda iştirakçılardan da çox şey öyrənmiş oldum və iştirakçıların heç birinin bu layihəyə təsadüfən seçilmədiyinə bir daha əmin oldum. İlk günlər, mənə çox uzun görünən 10 günün bəzən tez keçməsini arzulamağıma baxmayaraq, məktəbdən “kaş bir neçə gün də davam etsə idi” fikri ilə ayrıldım. Sonda layihə sayəsində həm faydalı informasiyalar, çoxlu dostlar qazandım, həm də ilk dəfə özümü bu qədər rahat və sərbəst hiss elədiyim bir mühitdə dəyərli vaxt keçirdim. Qısası, yay məktəbi mənim üçün gözlədiyimdən də üstün oldu. Həyatıma bu dəyərli 10 günü qazandıran bütün iştirakçı, təşkilatçı və əməyi keçən hər kəsə təşəkkür edirəm.

Hacıxanov Nicat Cümşüd o. - ADİU, magistr II kurs, İqtisadiyyat
Mənim SOCAR Yay məktəbinə qatilmaqda məqsədlərim bəlli idi. Ancaq onu da qeyd etmək istərdim ki , bu məqsədlərin müəyyənləşməsində ən əsas faktorlardan biri kimi ötən ilin iştirakçılarından bu barədə məlumatın alınması və fikri bu əsasda formalaşdırmaq idi. Digər faktor isə keçirilən layihələrə nəzər salmaq, yay məktəbləri üçün ümumi olan cəhətlər əsasında məqsədləri formalaşdırmaq idi.Ancaq onu da bildirim ki əlbəttə bu məqsədlərə çatmaq üçün ilk öncə proqrama müraciət etmək və ən əsası müsabiqələrdən keçmək vacib idi. Mən müsabiqə mərhələlərindən keçdim və iştirak hüququ qazandim. SOCAR yay məktəbində iştirak etməklə nəinki məqsədlərə nail oldum hətta 10 gün ərzində yeni məqsədlər də formalaşdı. Hamının maraqlandığı bir məsələ - nə əldə etdim?
1) Ölkəmiz üçün neft qaz sektorunun vacibliyini nəzərə alsaq bu sahədə fəaliyyət göstərən ARDNŞ-nin fəaliyyət sferaları ilə hərtərəfli tanış olmaq mənim üçün əhəmiyyətli idi .
ARDNŞ –nin tərkibində mövcud olan struktur bölmələri ilə tanışlıq , ekskursiyaların təşkil olunması və s. çox geniş və əhatəli informasiya əldə etməyimə imkan verdi.
2) Təcrübəli mütəxəssislər tərəfindən müxtəlif mövzularda təqdimatların keçirilməsi və tam anlaşılmayan məsələlər barəsində fikir mübadiləsinin aparılması bir iqtisadçı kimi mənə təhlil üçün lazımi informasiyanın formalaşmasına çox kömək oldu.
3) Yay məktəbinin ən əsas və mühüm əhəmiyyəti isə komanda birliyinin formalaşması , qısa müddət ərzində birlikdə düzgün və ümumi rəyə əsaslanan qərar qebul etmək, diskussiya mədəniyyətinin formalaşması idi.
Məni maraqlandıran daha bir məsələ Təlim və İnkişaf şöbəsinin əməkdaşlarının peşəkarlığı idi .İstirahət dövrü olmasına baxmayaraq onlar Yay Məktəbi layihəsi ərzində vaxtlarının çox hissəsini bizimlə keçirdilər .İşlərində necə məsuliyyətli olmaları ,hər bir iştirakçıya necə səmimi münasibət göstərmələri , həmçinin necə nizamlı şəkildə bütün işi təşkil etmələri məni heyran etdi. Buna görə də bütün iştirakçılar adından dərin minnətdarlığımı bildirirəm.

Əliyeva Aytən Əmiraslan q. - ADNA, III kurs, Avtomatika və İKT
Yay məktəbinə seçilməyi çox istəyirdim.Ən əsası yeni məlumatlar əldə etmək üçün. Amma 2-ci turdan sonra sadəcə ixtisasımla bağlı yeni nələrsə öyrənmək üçün deyil,həm də belə bir kollektivlə bir layihədə olmaq üçün istəyirdim seçilməyi.İkinci turu başqa cür təsəvvür eləyirdim.Belə səmimi insanlarla qarşılaşacağımı gözləmirdim,doğrusu) Yay məktəbi mənə verdi? – hər gün yeni məlumatlar,komandada işləmək bacarığı,bildiklərimin fərqli aspektlərdən izahı və ən əsası isə qeyri-ixtisas sahələrinin ixtisasımla olan əlaqələrini öyrənmək şansı.Hər gün ayrı bir sektorla bağlı mühazirələr,müzakirələr və nəticələr.Bunların bir-biri ilə əlaqəsi.Öyrənilən məlumatların ekskursiya zamanı praktiki tətbiqi isə daha geniş təəssüratın yaranmasına səbəb olurdu.Və müsbət cəhətlərdən biri də öz mənfi cəhətlərimi öyrənməyim idi: çox sakit və passiv olmağım.İnşallah,məni seçdiyiniz üçün peşman olmadınız)
Təbii ki, gün ərzində öyrədilənlərlə yanaşı, nümunə olanlanları da qeyd etmək istərdim.Bu da əlbəttə ki,yorğun və gərgin iş rejiminə baxmayaraq, həmişə gülərüz,səmimi və işini sevərək yerinə yetirən işçi heyəti idi.Bu mənim üçün çox önəmli nümunə oldu.Təşkilatçıların hər birinə təşəkkürümü bildirirəm.İnşallah, Yay Məktəbi layihəsi davamlı olar. Bu kollektivdəki 36 nəfər iştirakçı və təşkilatçılarla yeni layihələrdə görüşmək ümidi ilə)

Fərzalıyeva Aygül Həsən q. - AzDİA, magistr II kurs, Dövlət proqramları və layihələrinin idarə olunması
Əslində hər şey çox isti və uzun bir yay gecəsində başladı.İsti olduğundan yata bilmirdim və bu uzun gecəni bir “vasitə” ilə başa vurmalı idim. Hər zamankı kimi edə biləcəyim tək şey kompyuterin qarşısında əyləşib vaxt keçirmək oldu. Adətim üzrə müxtəlif saytlardan “dəyərli” və “dəyərsiz” məlumatlara baxırdım ki “Socar Yay Məktəbi 2013” başlığı diqqətimi çəkdi . Həmişəki marağımdan bu layihəyə də, qoşulmaq istədim. Düzünü deyim ki, pulsuz olan layihələrdə iştirak əməllicə hobbimə çevrilib
Və........... gözlənilən an ..........
Seçildim, həm sevindim həm də içimdə tərəddüdlər yarandı – bəlkə getmiyim?!, birdən maraqsız olsa necə?!, vaxt itirməyə dəyərmi?! kimi suallar.
Nə yaxşı ki, vaxtında doğru qərara varmışam və bu layihədə iştirak etmişəm.
Əldə etdiyim bütün dəyərli məlumatlara və tanıdığım bütün insanlara görə şadam !.

İsmayılov Ayaz Həsən o. - BDU, magistr II kurs, Geoloji kəşfiyyat
Həyatda hər bir kəsin həyatını 180 dərəcə çöndərəcək məqamlar olur.Hər zaman bu məqamın marağında olaraq səbirsizliklə gözləmişəm . Və sebirsizliklə gözlədiyim məqam yetişdi.ARDNŞ nin YAY MƏKTƏBİ layihəsinin iştirakçısı oldum. 10 gün ərzində rəngarəng xarakterli insanlarla daha yaxından tanış oldum və sıx dostluq munasibətləri formalaşdı.Hər gün təşkil olunmuş təqdimatlar daha maraq doğurucu idi.İnsanın formalaşması düşdüyü mühitlə əlaqədardır.Bu Layihədə seçilən 36 nəfər hər biri öz kreativliyi, öz səmimilikləri ilə seçilirdilər.Bir Geoloq olduğum üçün Neft qaz yataqlarının axtarış və kəşfiyyatı , Geofiziki Keşfiyyat üsulları , Yataqların istismarı, Quyuların qazılması haqqında təqdim olunan təqdimatlar daha çox diqqətimi cəlb edirdi və daha çox yenilikləri,bilmədiklərim haqqında bir çox məlumatları mənimsədim. Bundan başqa gunun ikinci yarısında təşkil olunan Ekskursiyalar daha çox yadda qalan oldu. Nəzəri olaraq təqdimatlarda
eşitdiklərimizi praktiki olaraq görmək şansı verirdi bizə. Və günün sonunda təşkil olunan komanda yarışları..En derin izlər qoyan bir anlar..burda Komanda şəklində bir nəticəyə gəlinib qərar qəbul edib hər hansısa tapşırığı yerinə yetirmək lazım idi ən əsası isə bütün bunlar qisa zaman ərzində reallaşmalı idi.Ən əsası Bütün bunları təşkil edən təşkilatçıların bizlərlə bir dost qardaş münasibəti ilə yanaşaraq hər cəhtlərində bizlərin orda hər bir xırda tapşırıqlardan böyük nəticələr çıxartmağımız üçün göstərdikləri səyi görmək idi..Heç yadımdan çıxmaz.Tağı m. bizə bir vərəq götürüb uşaqlıqda hansı peşəyə sahib olmaq istədiyimizi , hal hazırda hansı peşədə olduğumuzu yazdırıb növbə ilə hər kəsdən öz isdəklərini soruşurdu. Sonra biz 3 ilə , 5 ilə , 10 ilə özümüzü harda görürük ? və özümüzü gördüyümüz yerə çatmaq üçün qarşımızda olan maneələri - (hansıkı biz oları aşmaq potensialına malikik ancaq qorxuruq) yazmağımızı istədi..və qatlayıb özünüzdə SOCAR YAY MƏKTƏBİNDƏN bir xatirə olaraq saxlayın dedi. ".O məqsədinizə addımlayarkən hər hansı maneələrlə qarşılaşan zaman yorulub imtina etsəniz bu vərəqi açıb baxın.."- dedi.. Bir həyat dərsi..bir yaşam fəlsəfəsi..Bütün bunlar mənim heyatımı 180 dərəcə dəyişdi. Qeyd edimki SOCAR YAY MƏKTƏBİNDƏ oyrendiklərimi istər intellektual oyunlarda istər komanda tapşırıqlarında öyrəndiklərimi ilk olaraq 5 günlük Novxanı Olimpik Otelde keçirilən Gənc Alimlərin 3-cu İnnovativ İdeya yarmarkasında Tətbiq etdim..nəticə SUPER,..50 nəfərin içərisində ferqli olaraq seçilirdim...Çox sağol diyirəm. Ramadada keçirdiyim hər bir ana görə..
Eziyyəti keçən bütün kəslərə təşəkkürlər.

Bəkirov Mustafa Akif o. - ARDNŞ-nin işçisi
ARDNŞ-nin əvvəlki illərdə keçirmiş olduğu Yay Məktəblərini kənardan izlədikdə ildən ilə hər birinin çox maraqlı olması açıq aşkar görünürdü. Mənə, bu layihənin iştirakçısı olaraq hər bir günün biri-birindən təsəvvür etdiyimdən də çox maraqlı keçməsi, bu layihədən olduqca müsbət təəsüratlarla ayrıldığımı söyləməyimə əsas verir. Mənim üçün ixtisas baxımından çoxşaxəli planlaşdırılmış günlərin hər birinin özünəməxsus faydası oldu. Həqiqətəndə tələbə və ya gənc mütəxəsis üçün bu layihənin faydası olduqca böyükdür. Nəzərə alasaq ki, söhbət müxtəlif istiqamətlərdən gedir, onda deyərdim ki, qissa vaxt ərzində bu qədər informasiyanı mənimsəmək bundan yaxşı ola bilməzdi. 10 gün və 10 müxtəlif istiqamətlərdə zəngin və faydalı sahə. Hər yeni gün prezentasiyarlarla məlumatlandırılıb, proqrama uyğun ekskursiyalarda öyrəndiklərimizi təcrübi olaraq nəzərdən keçirib, həmin müəssisələrin və bütövlükdə ARDNŞ-nin iş mexanizmi barədə əvəzolunmaz təcrübə əldə
etmiş olurduq. Gərgin, amma maraqlı keçən günün sonunda isə komanda yarışları və ya müxtəlif oyunlar, eləcə də, iştirakcılarla ünsiyyət sayəsində bu gərginlikdən əsər əlamət belə qalmırdı. Qalan ancaq yeni-yeni informasiyalar, və hec vaxt unutmayacağım xoş təəssüratlar olurdu. Onuda qeyd edim ki, təşkil olunmuş mühazirələr və praktiki məşğələlər vasitəsilə ARDNŞ-nin fəaliyyət çərçivəsinə daxil olan enerji sektoru, neft qaz sənayesinin müxtəlif elementləri barədə məlumatlandırılmağımızın təmin olunması dəyərli təşkilatçı komandasının əməyi ilə zərgər dəqiqliyi ilə hazırlandırılmışdır. Bunun üçün bu layihənin qurucularına, ərsəyə gəlməsinə köməklik göstərənlərə və əziyyəti keçən hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm. Çox şadam ki, Yay Məktəbinin iştirakçısı oldum, sizləri tanıdım, biri birindən istedadlı, savadlı digər 35 iştirakçıları tanıdım. Butun bunlarla yanaşı Yay Məktəbində iştirakım ARDNŞ kollektivinin gənc bir üzvü olaraq ARDNŞ-dakı gələcək fəaliyyətim üçün çox müsbət təcrübə oldu. Bir daha hər birinizə öz dərin minnətdarlığımı bildirirəm. Daha böyük layihələrdə görüşmək ümüdilə sağ olun!

Kərimova Rəvanə Yaşar q. -ADNA, III kurs, Geoloji kəşfiyyat
SOCAR YAY MEKTEBİ 2013 layihəsinin bitmə tarixindən 17 gün keçməsinə baxmayaraq orada 9 gün ərzində keçirtdiyim dəyərli vaxtımın dəyərli xatirələri inanmıram ki, nə vaxtsa unudum. Dəyərli dediyim zaman nəzərdə tutduğum isə müxtəlif mövzularda keçirilən mühazirələr, müxtəlif zavodlara etdiyimiz gəzintilərlə yanasi canayaxın və səmimi iştirakçlarla keçirdiyim vaxtdır. Fikirləşirəm ki, layihənin uğurlu alınıb alınmamasına böyük təsir göstərə bilən iştirakçı kütləsi tam dəqiqliklə seçilmişdir. Başlanğıcda məni ən çox narahat edən faktor münasibət qurmaq idi. Lakin tezliklə, iştirakçılar və təşkilatçılarla kifayət qədər səmimi münasibət yaratmağım mənim bu narahatlığımın əsassız olduğunu göstərdi. Mühitə öyrəşə bilməyəcəyim qorxusuyla başladığım bu yay məktəbindən iştirakçılarla növbəti göruşlərimizin planlarını quraraq ayrıldıq. Təbii ki, hər layihənin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də olur və bu layihədə də mövcud idi. Biz iştirakçılar isə
bizə yaradılmış səmimi ortamın sayəsində bu mənfi xüsusiyyətləri günlük olaraq heç nədən çəkinmədən dilə gətirə bilirdik. Bu səmimi ortamın yaradılmasında, bu qədər iştirakçının bir araya gətirilməsində əsas rolu isə bu layihənin təşkilatçıları oynayır. Biz iştirakçılar asanlıqla müxtəlif mövzulu mühazirələrdə oturub dinlədiyimiz halda bu mühazirələrin təşkil edilməsində əziyyət çəkən təşkilatçıların əməyi danılmazdır. Mahal, Tağı, Asif, Elmir, Murad, Roman, boş vaxtlarımda suallarımı çəkinmədən ünvanladığım Babək və İbrahim müəllimə, Vüsalə, Şəbməm, Səidə və Sevinc xanıma və layihənin hazırlanmasında, ərsəyə gəlməsində əməyi olan neçə-neçə digər şəxslərə öz təşəkkürümü bildirirəm. Düşünürəm ki, təşkilatçılarla və öz aramızda yaratdığımız səmimi münasibətimiz elə məhz bu layihənin nə dərəcədə uğurlu alındığından xəbər verir. Layihənin üstünlükləri, bizə qazandırdıqları barədə kifayət qədər geniş yazmaq mümkündür. Lakin, tələbələrə məsləhət görərdim ki, əllərinə düşən bu şansı qaçırtmayıb məhz bu qazancların sahiblərindən olub, bu üstünlükləri öz gözlərilə görüsünlər. Təşəkkürlər SOCAR.

Paşayev Elvin Teymur o. -ARDNŞ-nin işçisi
HSYM-in son günü evə getməyə tələsmədiyimi hiss edirdim, Oteldə heç nə unutmasam da nə isə unutduğum hissi var idi. İndi nə olduğunu bilirəm- 10 gün kimi qısa zamanda kollektiv doğma olmuşdu Ramada evim olmuşdu-bir az lüks ev) 10 gündə təşkilatçıların necə düzgün iştirakçı seçdiklərini anladım, hər gün yeni istedadlar kəşf olundu.
SYM 2013 mənə nə verdi?
1.Yeni dostlar qazandırdı- bu siyahıya yalnız iştirakçılar yox, təşkilatçılar da daxildir
2.Özgüvən hissimi artırdı-birbaşa Rəhbərliyə sual vermək, komanda ruhunu hiss etmək, təqdimatlar, istedad oyunları və s.
3. İş günlərində qapalı hovuz keyfi
4. Proqrama uyğun zamanın necə səmərəli olduğunu anladım, 10 günlük proqramda normalda 1-2 aya toplaya biləcəyim məlumatlar öyrəndim.
5. Bütün suallarımın cavabını tapdım.
6. Uğur gətirdi- SYM 2013 –dən sonra SOCAR daxilində daha perspektivli vəzifəyə təyin olundum ;)
Kaş ikinci dəfə iştirak şansım olardı.Bu layihədə əməyi olan hər kəsə təşəkkürlər.Təşkilatçılar elə sevilir ki ,Yeni layihələrdə təşkilatçı olmaq ümidi ilə demək istəyirəm. Hələlik
P.S. Gümüş medal qazandıran KonkrET komandasına, xüsusilə Aqil Zeynallıya təşəkkürlər 

Bayramova Həcər Tahir q. -Qafqaz Un., II kurs, Kimya texnologiya
Bu zamana kimi həyatda bir çox uğurlarım olub,lakin bununla yanaşı uğursuzluqlarla da üzləşmişəm.Bu il SOCAR daxili təqaüd proqramının 1-ci mərhələsindən keçə bilmədim və buna görə də yay məktəbinə seçiləcəyimə çox da ümidim yox idi,lakin qrup yoldaşlarımın dəstəyi ilə yay məktəbinə müraciət etdim və hər iki mərhələdən uğurla keçdim.Düzü, müsahibədən çıxanda seçiləcəyimə inanırdım,çünki komissiya üzvləri gənc olduğundan onlarla ünsiyyət çox maraqlı və səmimi olmuşdu.SOCAR yay məktəbinə qədər 2 yay məktəbində olmuşdum, amma bu layihə digərlərindən öz üstünlüyü ilə fərqləndi.İlk növbədə qeyd etmək istərdim ki, 10 gün ərzində iştirak etdiyimiz neft-qaz sahəsinə dair müxtəlif təlimlər və burda öyrəndiklərimizin daha da yaxşı mənimsənilməsi üçün təşkil olunmuş ekskursiyalar yay məktəbini mənim üçün faydalı edən əsas amillərdən oldu.Təqdimatlar zamanı verilən bütün suallara böyük bir həvəslə cavab verən mütəxəssislər,
günün sonunda əldə etdikləri uğur və iş təcrübələrini bizlərlə bölüşməyə gələn vitse-prezidentlərlə səmimi söhbət yay məktəbinin effektivliyini daha da artırdı.Hər gün keçirilən müxtəlif əyləncəli və intellektual yarışlardakı fikir mübadiləsi ilə komandada işləmə bacarıqlarımı daha da təkmilləşdirdim.Bu proqramın köməyi ilə ixtisasımla bağlı nəzəri-praktiki biliklər əldə etdim və gələcək iş həyatımla bağlı bir çox fikirlərim qətiləşmiş oldu.Yay məktəbində ən böyük qazancım qısa bir müddətdə tanıdığım dəyərli dostlar oldu. Fərqli düşüncə,istedad,bilik və bacarıqlara malik 35 iştirakçının hər biri özünəməxsusluğu ilə yay məktəbinə rəng qatdı.Bir sözlə,mən SOCAR yay məktəbində sağlam düşüncə,sağlam həyat,sağlam rəqabət gördüm.Sonda yay məktəbinin qalib komandası biz olduq və 4 gün müddətində Türkiyədə,Petkim Əliağa Kompleksində olmaq imkanı əldə etdik və bununla da mənim ölkəxaricinə ilk səfərim məhz komanda yoldaşlarım ilə oldu.Bizlərlə birgə gedən təşkilatçılarımız Elmir müəllim və Səidə xanımla İzmirdə keçirdiyimiz günlər xoş xatirələrlə yadda qalacaq.Hər bir uğurlu layihə planlı iş və böyük zəhmət nəticəsində ərsəyə gəlir.SOCAR yay məktəbinin ərsəyə gəlməsində və uğurla başa çatmasında təşkilatçıların çox böyük əməyi var.Hər biri ilə fərdi ünsiyyət imkanımızın olması bizə gələcək həyatımız üçün faydalı ola biləcək məsləhətlər qazandırdı.Bütün bu imkanları bizə yaratdıqları üçün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm.İnanıram ki, növbəti ildə daxili təqaüd proqramının qalibi olaraq və yay təcrübəsində iştirak edərək SOCAR-la bağlı uğurlarımı davam etdirmiş olacam.

Əbülhəsənov Bəhruz Fariz o. -SDU, III kurs, Kimya texnologiya
Hər kəsin həyatında bir neçə dəfə dönüm nöqtəsi olur.SOCAR Yay məktəbi mənim üçün bir dönüm nöqtəsi oldu. Layihə müddətində öyrəndiklərim nəticəsində demək olar bütün düşüncələrim, planlarım dəyişdi. İlk dəfə idi ki, belə bir layihədə iştirak edirdim və həyəcanlı idim. Karyerasını SOCAR-da qurmaq istəyən bir gənc olaraq, bu layihədə iştirak etməyi çox istəyirdim, çünki 10 gün ərzində mənim kimi düşünən, istedadlı gənclər tanıyacaqdım və bu mənim üçün çox vacib amil idi. Onları tanıdıqdan sonra, necə insanlarla rəqabətdə olduğumu öyrənəcəkdim və öyrəndim də. Fasilələrdə bir-birimizlə müxtəlif mövzularda söhbətlər edir, fikir mübadiləsi aparırdıq. Hər dəfə ünsiyyətdən sonra oxumaq, öyrənmək istəyim daha da artırdı. Bundan əlavə müxtəlif zavodlara etdiyimiz ekskursiyalar nəticəsində istehsalatla daha yaxından tanış oldum və bacardığım qədər hər şeylə maraqlandım, çünki nə qədər nəzəri cəhətdən həmin prosesləri
bilsək də, praktikada həmin prosesləri görmək tam başqa hiss idi və anladım ki, həqiqətdə istehsal prosesi oxuduğum qədərdə asan deyilmiş. Bütövlükdə mən neft və qaz istehsalından, satışına qədər olan prosesi çox sadə düşünürdüm, lakin bizə 10 gün ərzində keçirilən təqdimatlardan əslində bu prosesin nə qədər çətin olduğunu öyrəndim.
Ramada otelində keçirdiyim 10 gün mənim üçün çox dəyərli 10 gün oldu. 10 gün ərzində ümümilikdə SOCAR haqqında məni maraqlandıran suallara cavab tapdım və bir-birindən maraqlı insanlar tanıdım, dostlaşdıq və çalışacam ki, bu dostluğumuz uzun müddətli olsun. SOCAR Yay məktəbi 2013-də olan xatirlərimi ətrafımdakı insanlara danışdıqca bitmir və hər dəfə xatirələri danışdıqca, sanki həmin günləri yenidən yaşayırmışam kimi hiss edirəm.
Sonda bu layihənin reallaşmasında əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm və layhihənin uzun ömürlü olmasını arzu edirəm! Gələcək karyerasını SOCAR-da qurmaq istəyən hər bir tələbəyə, hər bir gəncə SOCAR Yay məktəbində iştirak etməyi məsləhət görürəm :)

Mərdanlı Gülnar Faiq q. - ADNA, III kurs, İqtisadiyyat
Nəhayət səbirsizliklə gözlədiyim e-mail gəldi - SOCAR Yay Məktəbi 2013 haqqında təəssüratlarınızı yazın. Bilirdik ki, bizə belə bir e-mail göndəriləcək və şəxsən mən SYM 2013 haqqında təəssüratlarımı kimləsə bölüşmək üçün çox səbirsizlənirdim. Yay məktəbi haqqında eşidəndən bəri təəssüratlar bölməsini oxuyardım və sevinirəm ki, bu gün özüm SYM 2013 haqqında təəssüratlarımı yazıram. Demək olar ki, həyatımın ən informasiya dolu, ən maraqlı, eyni zamanda narahat, yorucu günlərini yaşadım. Amma çox qəribədir ki, yorulsam da, bəzən komanda yarışları ilə baglı narahat olsam da yay məktəbi məndə xoş təəssüratlar yaratdı. Yay məktəbi zamanı hər mənada yeni biliklər əldə etdim. Hətta özüm haqqımda yeni şeylər kəşf etdim. Mənfi cəhətlərimi, özümdə inkişaf etdirməli olduğum xüsusiyyətləri kəşf etdim. Həyatımda heç vaxt yayda səhər tezdən durub, hər gün bu qədər bilik, informasiya əldə edib, eyni zamanda əyləndiyim günlər olmamışdı. Tək bizə keçirilən təqdimatlarda deyil, hər dəqiqə nəsə öyrənirdik. Şəxsən
mənim iştirakçılardan da öyrəndiyim çox şey oldu. Layihə başlamamışdan əvvəl fikirləşirdim ki, birdən ev üçün darıxaram, evə getmək istəyərəm. Amma tam əksi oldu. Sonuncu gün ayrılmaq çox çətin oldu. Hər gün deyib- gülən, 1 dəqiqə sakit dayanmayan biz - iştirakçılar sonuncu gün danışmağa söz tapmırdıq. Ancaq belə də olmalı idi. Xoş anlar qısa olur həmişə, izləri isə ömür boyu hafizələrdən silinmir. Gedən gün ağlımda bir cümlə var idi: “bu da son- amma mənim üçün başlanğıc”. Hər bir işin uğurlu alınmasında ən vacib amil təşkilati işlərin düzgün qurulmasıdır. Bu baxımdan bizim təşkilatçılara çox təşəkkürümü bildirirəm. Baxmayaraq ki, onlar bizdən həm yaşca böyük idilər, həm statusca, ancaq bizlə dost kimi davranırdılar. Yadımdadı ki, bəzən təşkilatçılara o qədər sual verirdik ki, nahar vaxtı qurtarırdı və onlar heç nə yemirdilər. Amma üzlərində daima məmnunluq ifadəsi olurdu. Bütün bunlara görə, mənə bu cür başlanğıcı yaşatdıqlarına, seçim prosesini tam şəffaf və maraqlı apardıqlarına görə başda SOCAR rəhbərliyi olmaqla, layihənin reallaşmasında əməyi olan hər kəsə, İR departamentinin Təlim və inkişaf şöbəsinin bütün işçilərinə təşəkkür edirəm. Xüsusilə, müsahibələr haqqında bir şeyi qeyd etməliyəm: SYM 2013-ə seçim zamanı aparılan müsahibə mənim beynimdəki “müsahibə” anlayışını darmadağın etdi. İlk dəfə idi ki, bu qədər səmimi rahat mühitin yarandığı müsahibə görürdüm. Bu həm də seçim prosesinin necə şəffaf olduğunun gostəiricisi idi, çünki onlar bizi həyəcanlandırmır, rahat olmağımıza çalışır, bununla da öz potensialımızı tam göstərməyimizi istəyirdilər. Bütün bunlara görə hamınıza təşəkkür edirəm. Eyni zamanda öz dəyərli vaxtlarını ayırıb bizə yeni, maraqlı nəsə öyrətmək üçün gələn təqdimatçılara, suallarımızı səbrlə cavablandıran vitse-prezidentlərə təşəkkürümü bildirirəm.
P.S Bir də ki, həyatımda heç vaxt 10 gün ərzində bu qədər yeni insanla tanış olmamışdım. Əminəm ki, bu tanışlıqlar, dostluqlar uzun ömürlü və uğurlu olacaq. Çünki bizi birləşdirən dəyər SOCAR Yay Məktəbi kimi uğurlu bir layihədir.

İsrayılov Samir Mayis o. - ADNA, IV kurs, Avtomatika və İKT
"SOCAR Yay Məktəbi 2013"-ə seçilməzdən qabaq mən məktəbin əvvəlki istirakçılarından bir neçə nəfərlə ünsiyyətdə olmuşdum və onların danışdıqlarından, təəssüratlarından artıq bilirdim ki, mən də bu layihəyə qatılsam, istirakçı olsam bu məktəb mənə çox şey qazandıracaq. Belə də etdim,imtahandan yüksək nəticə topladıqdan sonra növbəti, yəni müsahibə mərhələsinə keçəcəyimdən əmin idim. Müsahibənin isə çox şən notlarla keçməsi və müsahibədə iştirak edən nümayəndələrin şən,gülərüz olması məndə "Bu mərhələni də kecmişəm" hissini yaratdı. Nəhayət yanılmadım, istirakçılar sırasında adımı gördüm və bu məni sevindirdi. Burada keçirdiyim 10 gün ərzində ölkəmizin Neft sənayesi ilə əlaqəli indiyə qədər eşitmədiyim, bilmədiyim məlumatları öyrəndim,indiyə qədər yanından ötüb-keçdiyim, yalnız adını eşitdiyim zavodları,müəssisələri
təşkil olunan ekskursiyalar vasitəsilə daha yaxından gördüm, onların daxilində hansı işlərin görüldüyünü,hansı proseslərin həyata keçirildiyini müşahidə etdim. Xüsusilə, ekskursiyalara getməzdən əvvəl təqdimatlarda gedəcəyimiz yerlər haqda məlumat almağımız bizə çox kömək oldu.Bunlara misal olaraq onlardan birini "Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu"nu deyə bilərəm. Məktəbdə iştirak edən yoldaşlarıma gəlincə isə onu deyə bilərəm ki, hər kəs bir-birini tamamlayırdı.O günlər ərzində bir dəfə də olsun darıxmadım,əksinə günlər çox maraqlı , çox şən keçdi və hər gün bu mehribanlıq daha da artırdı.Buna görə bütün istirakçı yoldaşlarıma təşəkkür edirəm  Bunlardan əlavə 10 gün ərzində indiyə qədər etmək istədiyim, lakin alınmaz dediyim bir şeyi “rejimlə hərəkət etməyi” bir az da düzəltsəm “rejimlə yaşamağı” oyrəndim...:) Deyilən vaxtda tapşırılan yerdə olmamağın və ya gecikməyin tək sənin üçün yox etrafındakı yoldaşların üçün də mənfi təsir verecəyini gördüm.Komanda ruhunun,komanda əzminin,komanda yoldaşını diqqətlə dinləməyin və onların hər birinin fikrinə hörmətlə yanaşmağın, səbrin,bəzi hallarda soyuqqanlılığın insanı nə qədər irəli apardığını müşahidə etdim.Bunu komanda yoldaşlarım çox gözəl bilir.Bu məktəb bizə müəyyən qədər həyat dərsi də keçdi !!! Bütün bu sadaladıqlarımın nəticəsi idi ki,bizim komanda "SOCAR Yay Məktəbi 2013"-ün sonunda “Qalib komanda” seçildi və bizə məktəb tarixində ilk dəfə olaraq “Türkiyəyə səfər”hədiyyəsi verildi. 4 gün ərzində : Türkiyənin İzmir şəhərində yerləşən PETKİM Petrokimya Holding A.Ş-də olduq.Orada gedən proseslərlə yaxından tanış olduq.Zavodun ərazisini gəzdik,bir sıra proseslərin necə həyata keçirildiyini öyrəndik və canlı olaraq gördük.Həmçinin orada çalışan Azərbaycanlı həmvətənlərimizlə görüşdük,həmsöhbət olduq.Bundan əlavə İzmirin tarixi (Efes, Selçuk və s),turistik yerlərini ( Kuşadası və s) gəzdik.Onu deyə bilərəm ki, bu səfər mənim həqiqətən də ürəyimcə oldu , mənə cox gözəl xatirələr bağışladı və “Dünyanı səyahət” planımı ilk olaraq Turkiyədən başlanmağıma şərait yaratdı  . Bir sözlə, bu günlər ərzində keçirdiyim hər bir an mənimçün "SOCAR Yay Məktəbi 2013"-dən əziz xatirələr kimi yadda qalacaq… Sonda,bu 15 gun ərzində bizim əziyətimizi çəkən hər kəsə : SOCAR əməkdaşları : Başda Mahal müəllim olmaqla Asif,Tağı,Roman,Tural,Rəsul,Elmir muəllimə, Vüsalə ,Şəbnəm,Səidə xanıma və digər SOCAR əmakdaşlarına , SOCAR rəhbərliyinə ,bu layihənin ərsəyə gəlməsində əməyi keçən hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm.

İsmayılov Fuad Pənah o. - ARDNŞ-nin işçisi
“SOCAR Yay məktəbi 2013” haqqında təəsüratlar bir ömür boyu danışılacaq qədərdir, hardan başlayıb harda qurtarasan bilmirsən. Bu layihədə iştirak etməklə mən gözlədiklərimdən daha çox şeyə nail oldum. Burda həm öyrənmək, yaratmaq, öyrətmək, yarışmaq, komanda işi eləcədə bunları zövq alaraq etmək çox gözəl təşkil olunmuşdu. On gün ərzində mən heç vaxt bu qədər çox həm də yaxşı insanla tanış olmamışdım. Layihənin ilk günündən hamının bir-birini tanıması üçün çox gözəl atmosfer yaranmışdı. Bu layihənin tək mənim deyil bütün iştirakçıların həyatında uğurlu olacağına inanıram. Seçilmiş gənclərin bilik bacarığı, təşkilatçılıq səviyyəsi layihənin üzərində peşekarların çalışdığını, layihənin artıq oturuşmuş layihə olmasını göstərir. Yay məktəbi on gün ərzində gündəlik həyatımıza da dəyişiklik gətirmişdi. Ən azında hərgün eyni məlumatı eşitmirdik, eyni işi görmürük, hər günün öz mövzusu öz təqdimatçıları bizim də günlərimizin xoş keçməsinə səbəb olurdu.
İzmir səfəri də çox əla keçdi, amma hamının birlikdə getməsi lap əla olardı. Ürək dolu, yazmağa sözlər çox. İştirakçılara təşkilatçılara hər kəsə həyatlarında, işlərində, yeni layihələrdə uğurlar arzulayıram.

Zeynallı Aqil Rauf o. - BDU, IV kurs, İqtisadiyyat
Socar Yay Məktəbi mənim üçün ən uğurlu layihələrdən biri oldu.Uğurunun sirri isə seçilmiş 36 nəfərin,təqdimatçıların,TIS ailəsinin adı ilə bağlıdır.Təəssüratlarım çox genişdir,ona görə onlar arasından ən yadda qalanlarını qeyd etmək istəyirəm.Ən xoşuma gələn və yadımda qalan Xoşbəxt Yusifzadənin səmimi söhbəti və lətifələri oldu.Bununla yanaşı digər vitse prezidentlərin dəyərli vaxtlarını ayırıb bizim görüşümüzə gəlməsi və suallarımızı cavablandırması xüsusilə xoşuma gəldi.10 gün ərzində neft-qaz sektoru ilə bağlı çox şey öyrəndim və buna görə öz təşəkkürümü bildirmək istəyirəm.Təşəkkürlər TİS ailəsi ! Təşəkkürlər Mahal müəllim,Şəbnəm xanım,Vüsalə xanım,Asif müəllim,Elmir müəllim,Saida xanım,Tağı müəllim və adları yadımdan çıxan digər insanlar.Sonda isə sizə yazdığımız mahnının sözlərin təqdim edirəm və ümid edirəm ki,bu mahnı Yay Məktəbi ailəsinin himninə çevriləcəkdir
Geyimimiz hüququmuz bir idi
Konkret idi hamımızın adı da
Elə bil ki,formamız da bir idi
Aman Allah nə yorğunduq biz onda

Bir təşkilatçı töhməti idi dərdimiz
Bundan ötrü için-için yanırdıq
Hələ onda bilmirdik ki,bunu biz
Bir gün necə həsrət ilə anarıq

SOCAR hələ bizim üçün nağıldı
Min sualla alışırdıq yanırdıq
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq

Yay (Ya:y) Məktəbi
Ömrümün ən şirin,duyğulu,qayğısız günləri
Hər anı bir ömrə bərabər sevgili günləri
Ən təmiz arzu günləri

Hələ onda bu məktəbin sərindən
Cəzasından xəbərimiz yox idi
Qəm qüssəmiz kədərimiz bir damcı
Hələ onda sevincimiz çox idi

Gecikməyi bir bal ilə pozmaqda
Onlar üçün nə asandır,nə asan
Xəbərsizdik Türkiyədən biz hələ
TİS yazan pozulmayan yazıdan
İdeya müəllifi:Aqil Zeynallı(”KonkrET“ komandası)

İsmayılzadə Turxan İsrafil o. - BDU, II kurs, Hüquq
Hər bir insanın həyatında baş verən hadisələr onun gələcək həyatına bilavasitə təsir edir. Mənim də həyatımda gələcəyimə təsir edən hadisələr olub və olur. Ancaq bu hadisələrin hər birini gələcəyə effektiv təsir edən hadisə adlandırmaq olmaz. Məhz ARDNŞ Yay Məktəbi 2013 çox nadir hadisələrdən ki, həyatımda çox mühüm rol oynayaraq gələcəyimə müsbət təsir etmişdir. Bəs bu müsbət təsiri yaradan amillər hansılardır? Fikrimcə bu təəssüratları oxuyan hər bir təşkilatçı və iştirakçı mənimlə qismən də olsa razı olacaq. Birincisi hər bir işdə olduğu kimi, bu yay məktəbində də təşkilatçılıq uğurun bünövrəsidir. ARDNŞ Insan resursları departamenti, ələxsus da Təlim və Inkişaf şöbəsi, bizim vaxtımızın səmərəli keçməsi, lazımi biliklərə yiyələnməmiz , dünya görüşünü artırmaqımız, bir birimiz ilə sıx ünsiyyətdə olmağımız kimi mühüm məsələlər qarşılarına məqsəd kimi qoymuş və bu məqsədə mən deyərdim ki çox yüksək səviyyədə nail olmuşdurlar. Təşkilatçıların
bizim ilə yaratdıqları xoş münasibət və açıq ünsiyyət bəlkədə təşkilat işlərində mənim ən xoşuma gələn məqamlar idi. Çünki onlar bizimlə tək təşkilatçı kimi deyil, həmdə bir dost kimi ünsiyyət qururdular. Bütün hamımız çəkinmədən hər birinə yaxınlaşıb bizi maraqlandıran suala cavab ala bilirdik. Məhz bu amil "təşkilatçılıq" faktorunun nə dərəcədə gözəl və sistematik yerinə yetirilməsinin bariz nümunəsidir. Ikincisi bir amil isə Yay Məktəbinə seçimlərin tam obyektiv və düzgün aparılmasıdır. Uşaqların bilik və bacarıq səviyyəsi çox yüksək və təqdirə layiq idi. Xüsusi ilə komanda yarışlarında çox qızğın mübarizənin getməsi buna sübutdur. Fikrimcə Yay Məktəbində uşaqlarla gözəl münasibət qurmağımızı ancaq düzgün seçimin nəticəsi adlandırmaq olar . Özümə xarakter cəhətdən çox yaxın və çox fərqli olan insanları gördüm. Birinci vəziyyətdə özümə kənardan müşahidə etmək, ikinci vəziyyətdə isə özümə əks bir insanı müşahidə etmək imkanı qazandım. Buda mənim özümdə bəzi nöqsanları aşkar etməyə kömək oldu. Üçüncü və deyərdim ən əsas amil "nizam intizam qaydalarına ciddi əməl olunması" amilidir. O cəmiyyət ki xaotikdir, orada uğurdan söz gedə bilməz. Yadımdadır birinci gün hörmətli Mahal müəllim qayda qanunları elan edərkən, mənim ürəyimdə sanki bir əminlik yarandı ki, burada hər şey yaxşı olacaq. Şükür ALLAHA elə də oldu. Bu cəhətdən gözləntilərim obirisi mövzularda olduğu kimi özünü doğrultdu. Otelin otağından qaçaraq konfrans zalına yetişmək istəyi qədər, heç bir istək Yay Məktəbi boyunca məni narahat etmirdi. Əminəm ki digər iştirakçılar da mənim ilə razılaşar. Sadaladığım bütün amillərdən irəli gələrək qeyd etmək istərdim ki, Yay Məktəbi mənim yadımda , iştirak etdiyim layihələr içərisində təşkilatı cəhətdən ən dəqiq qurulmuş, seçim baxımından ən obyektiv və faydalılıq tərəfdən ən səmərəli bir layihə idi. Çox şadam ki SOCAR ın bir hissəsi olmaq şansını qazandım, çox mühüm vəzifəli şəxslərlə fikir mübadiləsi apara bildim, və özümə çoxlu sayda dost tapdım. Bunun üçün bu işdə əməyi keçən , başda Rövnəq Abdullayev olmaqla, hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm. Çox sağolun ki siz varsız! Növbəti layihələrdə görüşmək ümidi ilə, Sağolun!

Qurbanzadə Əsəd Vaqif o. - ADİU, IV kurs, Maliyyə
Yəqin ki, hər bir kəsin həyatında xoş və unudulması mümkün olmayan günlər olub. Bu mütləqdir. Amma, çox az insan tapılar ki, 10 gün ardıcıl gözəl və unudulması mümkün olmayan xatirələr yaşasın. Belə insanlar fikrimcə ən xoşbəxt insanlardır. Və məndə bu yay həmin “Ən xoşbəxt insanlar” ordusuna qatılmış oldum. 25 avqust-3 sentyabr mənim üçün ən gözəl xatirələrin yaşandığı tarix kimi yaddaşımda daim qalacaq. Əlbəttəki bu SOCAR-ın 2013-cü ildə keçirdiyi yay məktəbi ilə əlaqədardır. İlk öncə başlayım bu yay məktəbinə seçilməyimdən və ilk təəsüratlarımdan. İlk öncə məntiq imtahanını uğurla verdikdən sonra iyul ayının sonunda müsahibəyə çağırıldım. Əslində müsahibə mənim gözlədiyimdən də yaxşı keçdi və demək olar ki, seçiləcəyimdən əmin idim. Çünki, müsahibə götürən insanlarla söhbətim çox maraqlı alınmışdı və sonda müsahibə otağından xoş təəssüratlarla ayrılmışdım. Amma, nəticə gözlədiyim kimi olmadı. Müsahibələrin nəticələri açıqlandığında əsas siyahıya deyil, gözləmə siyahısına salınmışdım. Çox
üzülmüşdüm. Amma, elə ümidli idimki mən seçiləcəm. Və elə də oldu ki. Gözləmə siyahısından əsas siyahıya salındım. Nəhayətki. İlkin təəssüratlarım belə idiki otelə gedib yerləşəcəyik, gün ərzində bəzi mövzularda bizi mühazirələr deyiləcək, əyləncəli oyunlarda iştirak edəcəyik və birazda istirahət etmiş olacağıq. Lakin, yay məktəbi gözləntilərimi çox-çox üstələdi. Mənim ixtisasıma aidiyyatı olmayan mühazirələr olmasına baxmayaraq hamısı çox marağıma səbəb oldu. Hər gün yeni bir şeylər öyrəndik və hətta elə oldu ki, birdən qərarımı dəyişib magistr təhsilimi iqtisadiyyat sahəsi üzrə deyil, neft sahəsi üzrə etməyi düşündüm. Xüsusən yay məktəbi ərzindəki mənim üçün ən maraqlı günü qeyd eləmək istərdim ki, bu da yay məktəbinin 6-cı günü " Neft və qaz məhsullarının satışı və nəqli " mövzusuna həsr olunmuş gün oldu. Həqiqətən mövzu ilə əlaqəli deyilən mühazirələr çox maraqlı idi və mühazirələrin interaktiv metod ilə keçirilməsi hər kəsin böyük marağına səbəb olmuşdu. Bu 10 gün ərzində həyəcanla və səbirsizliklə gözlədiyim gün təbii ki, sonuncu-SOCAR Yay Məktəbi – 2013-ün qaliblərinin açıqlanacağı gün idi. Nəticələr açıqlandı və bizim komanda “Pentagon+1” SYM-2013-ün qalibi oldu. Qalib olmaq hissini anlada bilməyəcəm, çünki, anladıla bilməyəcək qədər gözəl hissdir. Mükafat olaraq da Türkiyə-İzmir səyahətini seçilməsi də tam yerinə düşmüşdü. İzmirdə keçirdiyimiz günlərdə ayrı bir yazının mövzusudur, ona da ayrıca bir yazı həsr edərəm. Sonda bir şey qeyd etmək istəyirəm. Bizə yay məktəbi ərzində hər şeyi neft-qazla müqayisə etməyi öyrətdilər. Məndə elə kiçik bir müqayisə aparmaq istəyirəm; Yay məktəbini təşkil etməklə SOCAR sanki 36 yeni neft quyusunun kəşfinə investisiya qoymuş oldu və inşallah bu 36 quyu (SYM-nin 36 iştirakçısı) bir neçə ildən sonra fontan vurar və hər biri Azəri-Çıraq-Günəşli, Şahdəniz kimi özlərini doğruldub, Azərbaycanın iqtisadiyyatının çiçəklənməsində pay sahibi olmuş olar P.S Sonda bu tədbirin təşkilatçılarını qeyd edib, təşəkkür etməsəm sonralar vicdan əzabı çəkərəm. Çox sağolun başda Mahal müəllim olmaqla, Tağı, Asif, Elmir, Roman, Rəsul, Babək müəllim, Vüsalə, Səidə, Şəbnəm, Sevinc xanım və adlarını unutduğum digər təşkilatçılar və yay məktəbinin ərsəyə gəlməsində zəhmət çəkmiş hər bir şəxs. Hər birinizə minnətdaram və hər birinizə təşəkkür edirəm. Gələcək layihələrdə və iş həyatında görüşmək ümidi ilə.

Ağaməmmədov Murad Ələkbər o. - ARDNŞ-nin işçisi
İlk növbədə, bu layihənin yaranmasında əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm. Bütün günü bizimlə bir yerdə olduğunuz üçün, ailənizə, yaxınlarınıza, öz işlərinizə sərf edə biləcəyiniz vaxtı məhz bizə ayırdığınız üçün çox sağ olun! Bu mənimçün gözəl təcrübə oldu. Orda da təşkilatçılarla söhbət əsnasında da “belə olacağını gözləmirdim” demişdim. Layihə müddətində fikirlərim tamamilə dəyişdi. Ən başda onu deyim ki, mənim 10 gün bir yerdə, heç yerə getmədən qalmağım bu günə kimi olmamışdı, həmçinin 10 gün ərzində rejimlə yemək yediyim də yadıma gəlmir  Sizin sayənizdə mən heç olmazsa, 10 gün normal həyata qayıtdım  Ən dəyərlisi isə yeni mühit idi mənimçün. Təşkilatçılar başda olmaqla, hamıyla ortaq dil tapmaq, sərbəst formada fikir mübadiləsi aparmaq olurdu. Maraqlı söhbətlərimiz olurdu. İnsan danışanda bilirdi ki, qarşındakı səni dinləyir. Suallarına cavab tapa bilirdin belə mühitdə. Öz ideyanı sərbəst formada göstərə bilirdin.
Kiminsə sonrada səni buna görə qınaq obyektinə çevirməyəcəyini bilirdin. İndi belə mühit tapmaq bir az çətinləşib mənim fikrimcə. Bu mühiti yaratdığınız üçün təşəkkür edirəm Sizə! Sonda isə Sizə uğurlar, nailiyyətlər, yeni-yeni ideyalar arzu edirəm!