Ana səhifə > Yay məktəbi >> Tarixçə

Azərbaycan Respublikası gənclərində neft sənayesi haqqında ümumi fikirlərin formalaşdırılması üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Yay Məktəbi layihəsi haqqında

Azərbaycan Respublikası gənclərində neft sənayesi haqqında ümumi fikirlərin formalaşdırılması üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Yay Məktəbi layihəsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2005-ci ildən bəri gələcəkdə neft sənayesində çalışacaq gənclərin seçilməsi, eləcə də onların bir mütəxəssis kimi yetişdirilməsi sahəsində məqsədyönlü işlər aparır. Burada inkişaf etmiş ölkələrin, şirkətlərin sosial və təhsil sahəsindəki qabaqcıl təcrübəsindən də geniş istifadə olunur. Yerli və xarici ölkələrdə təhsil alan istedadlı tələbələri əhatə edən təqaüd proqramları, tələbələrin yay tətili dövründə təşkil edilən Yay təcrübəsi və Yay Məktəbi layihəsi nəzərdə tutulan addımların tərkib hissəsidir. Mütəxəssislərimiz tərəfindən aparılan müsahibələrdə, universitetlərdə keçirilən görüşlərdə aşkarladığımız problemlərdən biri də verilən təhsillə hazırkı istehsalat prosesi arasında bəzi uyğunsuzluqların mövcudluğudur. Bu isə öz növbəsində "Yay Məktəbi" kimi nəzəri və təcrübi bilikləri özündə cəmləşdirən layihələrin mütəmadi həyata keçirilməsini labüd edir. Respublikanın iqtisadiyyatında əsas yeri tutan neft sektorunun gələcək inkişaf perspektivlərini nəzərə alaraq, bu sahə üzrə çalışacaq kadrların öncədən hazırlanması, eləcə də, ölkə daxilində və xaricdə təhsil alan tələbələrin əcnəbi şirkətlərə axınının qarşısını almaq məqsədi ilə ARDNŞ 31 avqust – 13 sentyabr tarixlərində Bakının "Ramada" otelində 8 gün və Balakənin "Qubek" otelində 5 gün olmaqla tələbələr üçün ARDNŞ-nin "Yay Məktəbi" layihəsini həyata keçirtmişdir. Otellərdə tələbələrə hər cür şərait yaradılaraq, yuxarıda qeyd olunmuş mövzularda keçirilən təlimlərlə yanaşı, praktiki biliklərinin gücləndirilməsi üçün müxtəlif ekskursiyalar da təşkil olunmuşdur. Bundan əlavə, tələbələrin istirahətini də nəzərə alan ARDNŞ, iştirakçılar arasında müsbət atmosferin yaradılması, ünsiyyətin gücləndirilməsi üçün bir çox sosial proqramlar və intelektual oyunları məktəb proqramına daxil etmişdir. Proqrama qısa müddət ərzində ölkəmizin 18 və xarici ölkələrin 13 ali təhsil ocaqlarından 300-ə yaxın tələbə müraciət etmişdir. İlkin mərhələdə ARDNŞ-nin təyin olunmuş mütəxəssisləri tərəfindən müsabiqə iştirakçılarının ərizələrinə baxılmışdır. Ərizə-anketlərin dəyərləndirilməsi mərhələsindən uğurla keçmiş tələbələr 60 test sualından ibarət imtahana dəvət olunmuşlar. İmtahanın keçirilmə məqsədi daha çox iştirakçının məntiqi-təfəkkür qabiliyyətini, ARDNŞ və İngilis dili haqqında ümumi biliklərini ölçməyə yönəlmişdir. İmtahandan müvəffəqiyyətlə keçən tələbələrlə fərdi müsahibələr aparılmış və iştirakçılar arasında kəskin rəqabətə baxmayaraq proqram üçün nəzərdə tutulmuş 40 nəfər Yay Məktəbində iştirak etmək hüququ qazanmışdır. Yay Məktəbi layihəsinin tələbələrinə proqramda iştirak etdiklərinə dair sertifikatlar və şirkət tərəfindən müxtəlif hədiyyələr verilmişdir.

Yay Məktəbinin əsas məqsədi - ARDNŞ-nin fəaliyyət çərçivəsinə daxil olan enerji sektorunun müxtəlif həlqələrini - neft-qaz yataqlarının geologiya-geofizikası, quyuların qazılması, neft-qaz hasilatı, nəqli və saxlanması, emalı və neft-kimya, ekoloji normalar və alternativ enerji mənbələri, neft-qaz hasilatı və emalı sənayesinin iqtisadiyyatı, neft və neft məhsullarının satışını əhatə edərək ARDNŞ-nin iş mexanizmi barəsində tələbələrdə ümumi fikir yaratmaqdır. Müsabiqə əsasında seçiləcək tələbələr Yay Məktəbi müddətində müxtəlif mövzuları əhatə edən interaktiv mühazirələrdə və məşğələlərdə iştirak edərək nəzəri biliklərini artırmaqla yanaşı, təşkil olunacaq ekskursiyalara qatılaraq prosesi yaxından izləmək imkanına sahib olurlar. Yay Məktəbi proqramının tədrisində xaricdə nüfuzlu universitetlərdən məzun olmuş gənc mütəxəssislər iştirak edirlər. Tələbələr üçün dərslərdən sonra maraqlı sosial proqram da təşkil olunur.