Ana səhifə > Daxili Təqaüd >> Tarixçə

SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004-2005-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) seçilmiş fakültələrin (Geoloji kəşfiyyat, Qaz-neft-mədən, Kimya-texnologiya, Neft-mexanika, Energetika, İstehsalat proseslərinin avtomatlaşdırılması, İqtisadiyyat, Beynəlxalq iqtisadi münasibətlər və menecment) bakalavriat pillələri üzrə yüksək tədris göstəricilərinə malik olan hər kurs üzrə 20 tələbəsinə aylıq təqaüd təyin etmişdir. SOCAR bu tələbələri özünün diqqət mərkəzində saxlayır, istehsalat təcrübəsinin SOCAR-ın aparıcı müəssisələrində keçməsi, kurs və layihə işlərinin mövzularının müəyyən olunması, bu işlərin SOCAR-ın faktiki məlumatları əsasında tərtib edilməsində onlara köməklik göstərir. ADNA tərəfindən namizədliyi təqdim olunan tələbələrin arasından ən layiqlilərinin seçilməsi məqsədilə SOCAR-ın Müsabiqə Komissiyası yaradılmışdır. Yuxarıda qeyd olunan Əsasnaməyə 25.09.06 tarixdə edilmiş düzəlişlərə görə 2006-cı ildən etibarən tələbələr təqaüdlərini onların hər biri üçün SOCAR tərəfindən açılmış fərdi plastik kart vasitəsilə ilə istənilən bankdan ala bilir.

2008-ci ildə bir təqaüdçümüz – Xancıqazov İqbal İmperial College Londonun (Böyük Britaniya) neft mühəndisliyi üzrə magistraturasına qəbul olunmuşdur. SOCAR onun xaricdə təhsilini Təqaüd Proqramı çərçivəsində maliyyələşdirməyi öhdəsinə götürmüşdür. 2009-cu ildə daha 4 təqaüdçümüz - Həsənov Fuad, Mehdiyev Mehdi, Məmmədov Elçin və Məmmədov Tahir Fransa və Böyük Britaniyanın nüfuzlu universitetlərinə qəbul olunmuş və SOCAR onların bütün xərclərini Təqaüd Proqramı çərçivəsində maliyyələşdirir.

Ötən illərin təcrübəsi göstərir ki, bu təşəbbüs öz bəhrəsini vermişdir: neft-qaz sənayesinə aid ixtisaslara qəbul üçün sənəd verənlər arasında yüksək hazırlıqlı abituriyentlərin xüsusi çəkisi yüksəlmiş, tələbələrin elmi-praktiki biliklərə daha dərindən yiyələnməyə marağı artmış, SOCAR-ın müəllim-tələbə kollektivləri arasında müsbət imicinin formalaşmasına mühüm təsir göstərmişdir. Son illər SOCAR-nin prioritetləri dəyişmiş, kadrların hazırlanması və idarə edilməsi sahəsində tələbkarlıq artmış, həmçinin ölkəmizdə gənc kadrların hazırlanmasında yeni nüfuzlu ali təhsil müəssisələri formalaşmışdır. Qeyd olunan Əsasnamənin mövcud tələblər səviyyəsində təkmilləşdirilməsinə yaranan ehtiyacı nəzərə alaraq, həmçinin müsabiqənin əhatə dairəsini genişləndirmək, tələbələrin fəallığını artırmaq, namizədlərin seçilməsinə universitetlərin təsir imkanlarını azaltmaq məqsədilə SOCAR 2008-ci ildə yeni - “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdünün verilməsini haqqında” Əsasnamə təsdiq etmişdir. Bu Əsasnamənin əsas müddəaları “Şərtlər” bölməsində yerləşdirilmişdir. Artıq müsabiqədə SOCAR-da tələb olunan ixtisaslar üzrə Azərbaycanın bütün ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələri üzrə tələbələri iştirak edə bilərlər. Hər kurs üzrə təqaüdçülərin sayı da 30-dək artırılmışdır.

2009-cu ilin iyun ayında SOCAR-ın inzibati binasında Müsabiqə Komissiyası tərəfindən SOCAR təqaüdünə iddiaçı tələbələrinin müsahibəsi keçirilmişdir. Müsahibələrin nəticəsinə görə Azərbaycan Dövlət Neft Akademiyasını, Azərbaycan Bakı Dövlət Universitetini, Qafqaz Universitetini, Dövlət İqtisad Universitetini, Xəzər Universitetini, Moskva Dövlət Universitetinin Bakı filialını və Azərbaycan Texniki Universitetini təmsil edən 131 tələbə SOCAR-ın təqaüdünə layiq görülmüşdür. Təhsilini SOCAR təqaüdçüsü kimi başa vurmuş, həmçinin təqaüdçü seçilməsə də, müsabiqədə biliyi ilə fərqlənmiş gənclərə SOCAR müəssisələrində işləmək təklif olunmuşdur.