Ana səhifə > Xarici Təqaüd >> Təəssüratlar

Məhərrəmov Tural - Böyük Britaniya
Bakalavr təhsili aldığım müddətdə ən çox həyata keçirtmək istədiyim məqsədlərimdən biri də Böyük Britaniyada tanınmış universitetlərin birində ixtisasım üzrə təhsil almaq idi. Bu məqsədimi həyata keçirtmək üçün ARDNŞ-nin Xarici Təqaüd Proqramı mənə ən böyük dəstək oldu. Onu da bildirmək istərdim ki, bu dəstək ilə xaricdə təhsil almaq insana həm qürur verir həm də yüksək məsuliyyət hissi yaradır. Məhz İngiltərənin Nottinqam universitetində təhsil aldığım 1 il müddətində mənə göstərilən dəstəyin və güvənin məsuliyyətini dərk etdiyimdən həmişə amalım dərslərdən yaxşı qiymətlər almaq, Azərbaycanda tətbiq edə biləcək yenilikləri axtarmaq və çoxlu uğurlar qazanmaq olmuşdur. Buna görə də Nottinqam universitetində Magistr təhsili proqramında "Ətraf mühit mühəndisliyi" üzrə İngiltərənin müasir texnologiyaları və onların tətbiqi yollarını öyrəndim; neft və qaz sənayesində müasir ekoloji metodların istifadəsinin nəzəri
və praktiki biliklərinə yiyələndim. Müasir təhsilə yiyələnməklə yanaşı bu proqramda iştirakım zamanı qarşımda duran vəzifələrdən biri də Azərbaycanın mədəniyyəti, tarixi və sürətli inkişafı haqqında xarici ölkələrdə müsbət fikir yaratmaq, vətənini və yaşadığı cəmiyyəti sevən bir vətəndaş obrazı yaratmaq idi. Çox xoşbəxtəm ki, ARDNŞ-nin dəstəyi sayəsində Nottinqam universitetində dostlarımız ilə birlikdə "Azərbaycan günü" tədbirini təşkil etdik. Bundan əlavə cüdo üzrə qatıldığım yarışlarda qazandığım qələbələr Azərbaycanda idman sahəsində gedən sürətli inkişafı göstərmək arzumu həyata keçirtməyə imkan verdi. Həmçinin çox sevinirəm ki, bu proqram vasitəsi ilə dəyərli və dərin intelektual biliklərə sahib olan dostlar qazandım. Sonda bildirmək istərdim ki, biz gənclərə bu fürsəti yaratdığı üçün ARDNŞ-nin rəhbərliyinə və proqram müddətində bizləri həmişə diqqət mərkəzində saxlayan İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin əməkdaşlarına səmimi təşəkkürümü bildirirəm.
Şəfiyev Orxan – Böyük Britaniya
ARDNŞ-in Xarici Təqaüd Proqramı sayəsində, hələ məktəb illərində qarşıma qoyduğum xaricdə təhsil almaq məqsədimə nail oldum. Bu proqramın yaratdığı imkanlar sayəsində təhsilimi İngiltərənin ən nüfuzlu universitetlərindən biri olan Newcastle Upon Tyne universitetinin biznes məktəbində davam etdirdim. İngiltərədə təhsil aldığım bir il, kariyeramda əldə etdiyim uğurlarla yanaşı fərqli mühitdə, cəmiyyətdə dünya gorüşümü inkişaf etdirmək üçün əvəzsiz rol oynamışdır. Xaricdə təhsil mənə fərqli akademik və praktiki biliklər əldə etməklə yanaşı yeni mədəniyyətlə tanış olmaq, yeni dostlar tapmaq, şəxsi bacarıq və keyfiyyətlərimi inkişaf etdirmək və ən əsası isə, özümü yenidən kəşf etmək üçün geniş imkanlar yaratdı. Təhsil almaqla yanaşı, Newcastle universitetində oxuyan 30-dan artıq tələbələrlə
müxtəlif bayram və ictimai tədbirlər keçirərək Azərbaycanın mədəniyyətini, tarixini və onun son illərdəki inkişaf yolunu oxuduğumuz universietin tələbə və müəllim heyyətinə tanıtdıq. Son olaraq onu qeyd etmək istəyirəm ki, İngiltərədə 1 illik tələbə həyatı mənim üçün böyük təcrübə oldu. Təhsilimi bitirdikdən sonra ARDNŞ-in baş ofisində Təchizat İdarəsində, Satınalmaların təşkili şöbəsində mütəxəssis kimi işləməyə başladım. Fikrimcə, ARDNŞ-nin həyata keçirdiyi bu proqram gənc mütəxəsislərin və ümumilikdə şirkətin gələcəyi üçün verilən ən böyük töhvədir.
Mən də öz növbəmdə İnsan Resursları Departamentinin, başda rəhbərliyi olmaqla, bu proqramın ərsəyə gəlməsində əməyi olan hər bir əməkdaşına təşəkkür edirəm, göstərdikləri xüsusi diqqət və qayğı üçün öz dərin minnətdarlığımı bildirirəm.

Axundlu Rəna - Böyük Britaniya
Xaricdə təhsil almaq istəyi məndə orta məktəb illərindən vardı. Həmişə müxtəlif yollarla ingilis dilini və digər elmləri inkişaf etdirməyi çalışmışam. Nəhayət ARDNŞ-nin Gənclərin Xaricdə Təhsili üzrə Proqramı vasitəsilə arzuma çatdım. 2010-2013-cü illər ərzində Böyük Britaniyanın York Universitetində Mühasibat, Biznes Maliyyə və Menecement ixtisası üzrə bakalavr (BSc) təhilimi aldım. York Universiteti yüksək səviyyəli akademik təhsilinə və kollec sisteminə, geniş seçimli extrakurrikular aktivitələrinə, unudulmaz tələbə həyatına görə fərqlənir və Avropanın ən gözəl şəhərlərindən biri kimi sayılır. Düşünürəm ki magistr tələbələrindən fərqli olaraq həm ilk ali təhsilim olduğuna həm də daha çox müddət xaricdə təhsil aldığıma görə bu təhsil məndə daha çox təəsuratlar bağışladı. Bu üç il ərzində universitetdə dərin biliklərə sahib oldum. Keçirilən müxtəlif tipli dərslər və verilən tapşırıqlar mənə həm elmi həm də bacarıqlar cəhətdən özümü inkişaf etdirməkdə kömək oldu. Bununla bərabər çoxlu müxtəlif fikirli və dünya görüşlü insanlarla ünsiyyət mənə geniş əhatəli dostlar qazandırdı. Fərqliliyi həmişə sevmişəm və xaricdə təhsilim mənə daha da ətraflı və fərqli
düşünməyi və orijinal fikirlər irəli sürməyi öyrətdi. Hal-hazırda da ARDNŞ kimi böyük şirkətdə işləmək şərəfinə nail olmuşam. Mənə və başqa təqaüdçülərimizə göstərilən hər bir diqqət və qayğıya görə minnətdaram.

Əmir Əmirli - Böyük Britaniya
Bakalavr dərəcəsi aldığım zaman qarşıma qoyduğum əsas məqsədlərdən biri olan xarici ölkədə təhsil almaq kimi bir arzunu heyata keçirməyimdə mənə kömək olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (ARDNŞ) dərin təşəkkürümü bildirirəm. ARDNŞ-ın yaratdığı Xarici Təqaüd Proqramından yararlanaraq, mən də Böyük Britaniyanın “Esseks” universitetində maliyyə və mühasibatlıq ixtisası üzrə magistr təhsili aldım. Düşünürəm ki, bu sahə üzrə aldığım praktik ve nəzəri biliklərimlə ARDNŞ-ın gələcəkdə daha da möhkəm və stabil maliyyə sisteminin qurulumasında və beynəlxalq standrtlara uyğunlaşdırılmasında yaxından iştirak edərək yardım etməyə çalışacağam. Xaricdə oxuduğum müddətdə qazandığım həyat təcrübəsi, müxtəlif qruplarla işləmə bacarığı və çətinlikləri daha praktik ram etmək kimi xüsusiyyətləri daha da formalaşdırdım. Bundan əlavə olaraq, təhsil aldığım müddətdə dünya görüşümün yüksək səviyyədə inkişafına, xarici və yerli əsl dostlar
qazanmağa nail oldum. Dünyanın müxtəlif mədəniyyətlərindən olan, müxtəlif dəyərləri paylaşan insanları ilə bir yerdə yaşamaq, onlarla ünsiyyət qurmaqla yanaşı öz adət və ənənələrimizi, milli dəyərlərimizi onlara nümayiş etdirdim. Düşünürəm ki, aldığım təhsil və qazandığım şəxsi keyfiyyətlər gələcəkdə Azərbaycanın iqtisadiyyatında ən vacib rol oynayan ARDNŞ-da vətənə və millətə yararlı bir mütəxisis kimi yetişməyimə çox böyük dəstək olacaq.

Musayev Emin - Böyük Britaniya
ARDNŞ 2006-cı ildən özünün Xarici Təqaüd proqramı çərçivəsində gənclərin xaricdə təhsilini maliyyələşdirməklə yanaşı , onların sosial problemlərinin həllinə də köməklik göstərir və işlə təmin edir. Bu baxımdan şirkət tərəfindən yaradılan imkanlardan istifadə edərək Böyük Britaniyanın və bütövlükdə dünyanın yüksək reytinqli universitetlərindən biri olan Qlazqo Universitetində Maliyyə Risklərinin İdarəedilməsi ixtisası üzrə magistr təhsili almaq qərarına gəldim. İxtisas seçimim isə heç də təsadüfi olmamışdır. Son üç-dörd il ərzində "risk" sözü daha çox işlənməyə başlayıb. Gündəlik həyatımızda onlarla risklərlə qarşılaşırıq. Bunlar arasında adi məişət risklərindən böyük texnogen risklərə qədər hər cür risk mövcuddur.Müəssisələrin fəaliyyətində ortaya çıxan risklər işimizin məhsuldarlığını azaltmaqla bərabər gələcəyimiz üçün böyük təhlükə yaradır. Əbəs yerə deyil ki, bir
vaxtlar sadəcə lüzumsuz bir sahə kimi görünən risk menecment hal-hazırda əksər şirkətlərin prioritet istiqamətlərindən birinə çevrilməkdədir. Dünyanın bir sıra ölkələrində aktivləri olan və müxtəlif iri layihələr icra edən ARDNŞ üçün də məhz düzgün risk menecment siyasətinin həyata keçirilməsi olduqca zəruridir. Qlazqo Universitetinin Adam Smit adına biznes məktəbində təhsil aldığım müddət ərzində dünyanın müxtəlif ölkələrindən dostlar qazandım, yerli camaatın həyata baxışı , onların həyat tərzi ilə tanış oldum. Bu baxımdan xaricdə təhsilim tək ixtisas üzrə biliklərə yiyələnməyimlə deyil, həm də həyat təcrübəsinin genişlənməsi və müstəqil yaşamaq bacarıqlarımın formalaşması ilə səciyyələnir. Sonda bizə bu imkanlardan yararlanmaq üçün şərait yaradan ARDNŞ rəhbərliyinə və bütün təhsil müddətində bizləri diqqət mərkəzində saxlayan Təlim və İnkişaf Şöbəsinin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.

Elnur Əliquliyev - Böyük Britaniya
Qəbul olunduğu kimi, uğurlu karyeranın,əmək fəaliyyətinin, ümumiyyətlə peşəkar şəxsiyyət kimi yetişib, inkişaf etməyin təməlində keyfiyyətli təhsil dayanır. Bu prinsipi əsas tutaraq, Azərbaycan Dövlət Neft Şirkətinin təhsilə olan yatırımları və biz gənclərə bu yöndə verdiyi imkanlar şübhəsiz ki, təqdirə layiqdir. Hələ hərbi xidmətdə olarkən, televiziya kanallarımızdan birində izlədiyim ARDNŞ-nin Xarici Təqaüd Proqramı haqqında olan bir veriliş və orada iştirak edən təqaüdçülərin fikirləri mənim bu gün burada təəssürat yazmama ilk vəsilə oldu desəm, yəqin ki, yanılmaram. Xarici Təqaüd Proqramı vasitəsilə Mühasibat və Maliyyə sahəsində yüksək nüfuza malik olan Böyük Britaniyanın Cardiff universitətində magistr pilləsində təhsil alaraq bugün təqaüdçülərin sırasında olmaq hər bir təqaüdçü kimi, məni də qürurlandırır. Yüksək
ixtisaslı müəllim-professor heyyəti, dərs vəsaitləri, 24 saat xidmət göstərən kitabxanalar, həm nəzəri həm praktiki yönümlü dərslər sözsüz ki, dünya görüşümüzə, biliyimizə öz təsirini müsbət şəkildə göstərib. Cardiff universitetini seçməmdə ən böyük amillərdən biri və demək olar birincisi isə universitetin Mühasibat və Maliyyə fakultəsi məzunlarına beynəlxalq ACCA( Association of Chartered Certified Accountants) imtahanının ilk 5 imtahanından azad olunma imkanı yaratmasıdır. Nəticə etibarı ilə, düşünürəm ki, təhsil aldığım bir il mənə öz ixtasımda peşəkar mütəxəssis kimi yetişməmə zəmin yaradıb. Bundan əlavə, Cardiff Business School və PWC şirkətinin birgə əməkdaşlığı nəticəsində “Professional Development” sessiyalarında əldə etdiyim sertifikatlar isə mənə gələcək əmək fəaliyyəti yolunda daha da özümə əminliklə addımlamağa stimul verir. Ümumiyyətlə, Britaniya universitetlərində təhsilin araşdırmaya əsaslanması biz tələbələrdə hər hansı bir məlumatı “Google” vasitəsilə axtarma, araşdırma vərdişi yaradır ki, bu hal da bizlərin daha çox və ətraflı öyrənməyinə, bilik və bacarıqların artmasına səbəb olur. Əlavə olaraq, təhsil aldığımız müddət ərzində müxtəlif ölkələrin, mədəniyyət və millətlərin nümayəndələri ilə olan ünsiyyət, dostluq həm bizim şəxsi keyfiyyətlərimizin inkişafı baxımından, həm də Azərbaycanın tanıtımı baxımından da vacib rol oynayır. Düşünürəm ki, təhsil müddəti ərzində digər təqaüdçülər kimi, bu fürsətlərdən mən də öz növbəmdə yararlanmışam. Sonda isə qısaca olaraq bildirmək istərdim ki, təhsil müddətində əldə etdiyim biliklər, təcrübələr məhz ARDNŞ-nin Xarici Təqaüd Proqramı əsasında həyata keçdi. Bizlər üçün keyfiyyətli təhsil imkanları yaradan ARDNŞ-nin karyera baxımından da böyük imkanlar yaradacağına inanır və yuxarıda sadaladığım nəaliyyətləri şirkətin gələcək inkişafı naminə layiqli şəkildə sərf edəcəyimə ümid edirəm.

Əliyev Qadir - Fransa
Mən də ARDNŞ-nin təqaüd proqramından yararlanan gənclərdən biriyəm. Bu Proqram mənə nə verdi? Mən iki il neft-kimya istehsalatında işlədikdən sonra bu proqrama qoşulduğumda mənim üçün xarici şirkətlərin iş prinsipi və istehsalat prosesləri cox maraqlı idi. Bu magistr təhsili mənim həm dünya görüşümün inkişafında, həm də Avropada olan iş mühitinə öyrəşməkdə mühüm rol oynadı. Oxuduğum Fransa Neft İnstitunda (İFP School) neft emalı prosesləri və polimer istehsalatı prosesləri haqda geniş bilik aldım və onu da qeyd etməliyəm ki, Fransanın məşhur AXENS mühəndislik şirkətində altı ay müddətində təcrübə keçdim. Bu dövr ərzində dünyada neft və neft kimya sənayesində baş verən yeniliklərin və yeni proyektlərin bilavasitə iştirakçısı oldum. ABŞ və Argentinada qurulan yeni zavod layihələrinin üzvü oldum. Bu müddət ərzində layihə ilə əlaqədar görüşlər mənim üçün ən yaddaqalan hadisələrdəndir. Ümid edirəm ki,
təhsil, təcrübə dövründə əldə etdiyim bilik və bacarıqlar ARDNŞ-də layiqincə tətbiq edəcəyəm. ARDNŞ-nin həyata keçirdiyi Xarici Təqaüd Proqramı Azərbaycanın inkişafında mühüm rol oynayır və dünya ilə ayaqlaşa bilən gənc nəsil yetişdirir. Mənə yaratdığı imkana görə ARDNŞ-nin rəhbərliyinə və İnsan Resursları Departmentinin Təlim və inkişaf şöbəsinin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.

Emil Əzizov - Böyük Britaniya
Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı yeni mərhələyə qədəm qoyub. Bununla bağlı son zamanlar ölkəmizdə dövlət orqanları, biznes qurumları və vətəndaşların qarşılıqlı fəaliyyətində İKT-nin imkanlarından geniş şəkildə istifadə olunur. Təsadüfi deyil ki, İKT sektoru neftdən sonra ölkə iqtisadiyyatında ikinci prioritet sahə hesab olunur. Məhz bu amillər məndə İnformasiya Texnologiyaları ixtisasına qarşı daha böyük maraq yaratdı. Elə bu səbəbdən bu sahənin dərinliklərini, qayda-qanunlarını daha dəqiq bilmək üçün xarici ölkədə təhsil almaq qərarına gəldim. Bu istəyim isə ARDNŞ-nin sayəsində reallaşdı. Və beləliklə ARDNŞ-nin dəstəyi ilə 2012-2013-cü illər ərzində dünyanın ən yaxşı 20 ali məktəblərindən biri olan Böyük Britaniyanın Qlazqo
universitetini uğurla başa vurdum. Seçdiyim ixtisas isə magistr dərəcəsi üzrə “İnformasiya Texnologiyaları” oldu. Bununla bərabər təhsil aldığım müddət ərzində təkcə ixtisasım üzrə biliklərə yiyələnməklə kifayətlənmədim o cümlədən vətənim Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, dünəni və bu günü haqqında digər ölkənin vətəndaşlarına daha düzgün məlumat vermək şansı qazandım. Və həmçinin təhsilimdən əlavə Şotlandiya Sahibkarlıq instititu tərəfindən İnformasiya texnologiyaları sahəsində keçirilən “Sahibkarlıq və innovasiya ilə bağlı bacarıqların inkişaf etdirilməsi” haqqında olan təlimdə təqdimatdan sonra xüsusi sertifikatla təltif olundum. Yuxarıda sadaladığım nəaliyyətləri ARDNŞ-nin təhsilə və elmə olan qayğısı nəticəsində qazandım. Məhz bunu nəzərə alaraq "Gənclərin xaricdə təhsilləri üzrə ARDNŞ-nin təqaüd proqramı"nın təşkilində zəhməti keçən hər bir kəsə dərin təşəkkürümü bildirirəm.

Sevinc Yaqubova - Böyük Britaniya
ARDNŞ-nin Xarici Təqaüd Proqramı vasitəsilə İngiltərənin Southampton Universitetində Marketinq Analitikası üzrə magistr təhsili alma şərəfinə layiq oldum. İngiltərədə təhsil aldığım bu bir ilin mənim həyatımda əvəzsiz rolu var. Çünki oxuduğum sahə ilə bağlı bilik dairəmi genişləndirmək və ARDNŞ-də keyfiyyətli kadr olmaq imkanına sahib olmaqla yanaşı, bu bir il ərzində dərs daxilində tələbə, dərs xaricində isə həm şagird, həm də müəllim rollarını oynayaraq dünyaya müxtəlif bucaqlardan baxmağa başladığımı düşünürəm. Belə ki, fərqli ölkələrdən insanlarla ünsiyyət qurmaq və onların mədəniyyətləri, mətbəxləri, ölkələri və şəxsiyyətləri haqqında televizordan, kitablardan və ya başqa məlumat mənbələrindən deyil, bilavasitə özlərindən öyrənərək şagird rolu, eyni zamanda onlara BİZ, mədəniyyətimiz, milli dəyərlərimiz, ölkəmiz və kimliyimiz haqqında məlumat verərək müəllim rolu oynadığıma inanıram. Bütün bunlardan əlavə xaricdə təhsil aldığım ölkə ilə
məhdudlanmayaraq, bu bir il ərzində İtaliyada gənclər formunda və Fransada yay məktəbində iştirak etmək və daha çox uğur əldə etmək imkanına sahib oldum. Müasir Azərbaycan gəncliyinə səslənib bildirmək istəyirəm ki, qloballaşan dünyamızda artıq "uzaq" deyilən məhfum yoxdur və "arzular sonsuz, imkanlar isə məhdud" fikri ilə yaşamaq lazım deyil. Özünüzü bir kadr kimi və ən mühümi bir şəxsiyyət kimi formalaşdırmaq istəyirsizsinizsə, sizə təklif olunan bütün bu imkanlardan, xüsusilə də ARDNŞ-nin təklif etdiyi təqaüd proqramlarından yararlanın.

Mətanət Tağıyeva - Böyük Britaniya
Artıq bir neçə ildir ki gənclərimiz xarici ölkələrdə təhsil almaq üçün ARDNŞ-nin Xarici Təqaüd Proqramından yararlanır. Bu proqram bizə xaricdə kifayət qədər rahat təhsil almaq imkanı verir. ARDNŞ-nin bu diqqəti sahəsində mənim Avropanın ən nüfuzlu təhsil ocaqlarından birində təhsilimi davam etdirmək arzum gerçəkləşdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Xaricdə Təhsil üzrə Təqaüd Proqramı" çərçivəsində Böyük Britaniyanın Bournemouth Biznes Məktəbində Maliyyə ixtisası üzrə magistratura təhsili alaraq ən böyük arzularımdan birini reallaşdıra bildim. Dünyanın bir çox ölkələrindən fərqli mədəniyyətlərə malik insanlarla birlikdə oxumaq böyük bir təcrübədir. Təhsil aldığım universitet yüksək ixtisaslı müəllim heyəti, tələbələrin inkişaf səviyyəsi ilə xüsusilə seçilirdi. Bütün bunlar dünyagörüşümə öz müsbət təsirini göstərdi. Təbii ki, ARDNŞ-də çalışdığım müddətdə, yiyələndiyim təcrübə mənim bu ali təhsil ocağında biliklərə daha dərindən yiyələnməyimdə əvəzsiz rolu oldu. ARDNŞ həmişə Azərbaycan sənayesinin flaqmanı olub. Təhsil aldığım müddət ərzində, Böyük Britaniyada təşkil olunan bir sıra seminar və təlimlərdə iştirak etmişəm. Bu təlimlərdə Şirkətimizin nəinki ölkəmizdə, həm də xaricdə həyata keçirdiyi nəhəng investisiya layihələri haqqında olan məruzəm xarici
investorların böyük marağına səbəb olub. Hazırda Şirkətimiz nəinki ölkəmizdə, həm də xaricdə nəhəng investisiya layihələri həyata keçirir. Böyük Britaniyada yaşadığım müddətdə ARDNŞ, eləcə də onun elm və texnikanın son nailiyyətləri ilə bağlı layihələri, bacarıqlı və yaradıcı təfəkkürlü kadrlarına böyük marağın olduğunun şahidi oldum. Burda əldə etdiyim təhsillə bağlı onu deyə bilərəm ki, öz ixtisasım üzrə əldə etdiyim faydalı bilikləri gələcək təcrübəmə əlavə edərək, böyük nailiyyətlər əldə edəcəyimə inanıram. Bir illik təhsil alaraq gələcək illərimi ARDNŞ ilə keçirməkdən özümü çox şanslı hiss edirəm, əminliklə deyə bilərəm ki, Şirkət tərəfindən mənə olan etimadı doğruldacağam. Biz gənclərə təhsil sahəsində yaratdıqları imkanlara görə başda rəhbərlik olmaqla, əməyi olan hər bir əməkdaşlarıma xüsusi minnətdarlığımı bildirirəm.

Nigar Kərimova - Böyük Britaniya
ARDNŞ-nin gənclərə ayırdığı diqqət sahəsində mənim daha bir arzum real oldu çünki, təhsilimi Azərbaycandan kənarda davam etdirmək mənim hər zaman uşaqlıq arzularımdan biri olub. Mən ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində magistr təhsilimi İnsan Resurslarının İdarə edilməsi üzrə Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqları sırasında yer alan York Universitetində başa vurmuşam. Bu gün ARDNŞ-də və Azərbaycanda bu sahəyə duyulan təlabat mənim bu təhsilimi bu sahə üzrə davam etdirməyimdə başlanğıc rolunu oynadı. Onu da qeyd edim ki, ARDNŞ-də çalışdığım müddət ərzində, İnsan Resurslarının idarə edilməsi sahəsində əldə etdiyim təcrübəmin təhsilimə əvəzolunmaz faydaları toxundu. Ümümiyyətlə, Azərbaycandan kənarda müstəqil şəkildə yaşamaq təhsillə yanaşı hər bir gəncin müstəqil fərd kimi formalaşmağına da böyük təsir göstərir. Fərqli adət ənənələri, düşüncələri olan bir ölkədə yaşamaq mənim dünya görüşümün daha da artmasına yardımçı oldu. Təhsil aldığım müddət ərzində Böyük Britaniyanin qabaqcıl şirkətləri tərəfindən təşkil olunan bir sıra treyninq və seminarlarda
iştirak edərək faydalı biliklər əldə etmişəm. Mənim bu sahədə böyük hədəflərim var, məhz bu səbədən mən York Universitetini seçdim, bu seçimim mənim magistr təhsili dərəcəsi ilə yanaşı CIPD (Chartered Institute of Personnel and Development) sertifikatını əldə etməyimə də yardımçı oldu. Düşünürəm ki, ixtisasım üzrə əldə etdiyim bir sıra faydalı bilikləri praktikaya əlavə edərək, təlim sahəsində nəzərdə tutulan yeniliklərin təməlində mənim də töhvəm olacaq. Sonda onuda qeyd etmək istəyərdim ki, bu gün bizim uğurlarımızda, İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin rolu böyükdür. Biz gənclərə təhsil sahəsində yaratdıqları imkanlara görə başda rəhbərlik olmaqla, zəhməti keçən hər bir əməkdaşlarıma xüsusi minnətdarlığımı bildirirəm.

Seymur Quliyev - Böyük Britaniya
Rəqabətin güclənməsi hər bir müəssisənin qarşısında ən əsas rəqiblərindən ən azı bir addım öndə olmaq, varlığını davam etdirmək və inkişaf etmək öhdəlikləri qoyur. Bu öhdəliklərin icrası isə gözəl marketinq siyasəti nəticəsində reallaşdırılır. Mən də bakalavr müddətində Biznes inzibatçılığı təhsili aldığım zaman bu reallığın şahidi oldum və Marketinq ixtisası üzrə ixtisaslaşdım. Bakalavrda oxuyarkən ilk kurslardan ən böyük arzum Böyük Britaniyada Marketinq üzrə təhsil almaq idi və bu arzumu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Xaricdə Təhsil üzrə Təqaüd Proqramı" çərçivəsində Böyük Britaniyanın Stirlinq Universitetində Marketinq üzrə magistratura təhsili alaraq reallaşdıra bildim. ARDNŞ-nin təqaüd proqramına seçilərkən sevincimin həddi hüdudu yox idi. Şotlandiyada yerləşən Stirling Universitetində ilk azərbaycanlı tələbə olmağın özü də bir
fərqlilik idi. Fərqli mədəniyyət, fərqli mühit, fərqli adət-ənənə hətta fərqli mətbəx belə insanın həyatında analoqu olmayan və unudulmaz izlər buraxır, insanı bir fərd kimi daha dünya görüşlü şəkildə inkişaf etməyə, ətrafda baş verən hadisələri daha geniş üfüqdə analiz etməyə imkan yaradır. Fərqli ölkələrdən fərqli mədəniyyətlərə sahib insanlarla birlikdə oxumaq, yaşamaq və həyatını bölüşmək beynəlxalq bir təcrübədir və hətta hansı ölkənin mədəniyyətinin hansı hadisəyə necə reaksiya verəcəyini analiz edib dərk etməkdir. Bakalavr müddətində sevərək oxuduğum "Marketinq Tədqiqatları" kitabının müəllifindən Stirlinq Univeristetində dərs almaq, dünya şöhrətli Marketinq "Guru"-su hesab edilən Kotlerin leksiyalarına qatılmaq isə sözlə ifadə edilməsi mümkün olmayan bir hissdir. Praktiki təcrübəmin olması Stirlinq Universitetində keçirilən dərsləri daha effektiv və səmərəli şəkildə mənimsəməyimə kömək etdi, bunun nəticəsi kimi oxuduğum magistr proqramının 1 il müddətində ilk xarici tələbə olaraq proqram təmsilçisi seçildim və 8 ay müddətində universitetin marketinq departamentində marketinq təcrübəsi keçdim. Hazırda ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Neft və Neft Məhsullarının ixracının Marketinqi şöbəsində çalışıram və bu uğurlarım üçün, eləcə də xaricdə təhsil arzumun reallaşmasında əsas faktor olan ARDNŞ və onun dəyərli kollektivinə öz təşəkkürümü bildirirəm. İnanıram ki, çox yaxın gələcəkdə ölkəmizin Neft və Qaz sənayesinə öz töhvəmi vərəcəm və aparıcı mütəxəssislərdən biri olacağam.

Elşən Nəsirov - Böyük Britaniya
Xanım Elizabetanın təhsilə olan qayğısı və cənab Devid Kamerunun düzgün təhsil siyasətinin məntiqi nəticəsi olaraq digər İngiltərə ali təhsil ocaqları kimi Newcastle ali təhsil ocağı da müxtəlif elm sahələri üzrə yüksək uğur və nailiyyətlər əldə etmiş bir universitetdir. Təhsil aldığım müddətdə fərqli mədəniyyətlərdən fərqli insanlar tanıdım. İngiltərənin mükəmməl tərtib olunmuş təhsil sistemi və universitetlərin sahib olduğu zəngin kitabxanalar təhsilimi uğurla başa vurmaqda əvəz edilməz rol oynadı. Newcastle Universitetində oxuduğum müddət ərzində vətənim Azərbaycanı da layiqincə təmsil etdim və onlar ölkəmizin qısa müddət ərzində sürətli inkişafı və gündən-günə gözəlləşməsi qarşısında öz heyranlıqlarını gizlətmədilər. Təhsil aldığım bir il ərzində əvəz edilməz təcrübə əldə etdim. Bir illik təhsil alaraq ömrümün beş ilini ARDNŞ ilə keçirməkdən qürur duyur,
sevinir və borcumu artiqlamasıyla ödəyəcəyimə inanıram.

Elmir Məmmədov - Böyük Britaniya
Bazar iqtisadiyyatı dövründə hər bir şirkət büdcə və kapitalını gücləndirməyə yönəlmiş müəyyən sərmayələr edir. Şübhəsiz ki, yatırılan sərmayələrin ən effektlisi və geri dönüşümü ən yüksək olanı əslində keyfiyyətli təhsilə, daha ümumi desək insan kapitalına yatırılmış sərmayədir. ARDNŞ də öz növbəsində kadr siyasətinin özəyi olan insan kapitalına edilən sərmayənin potensial faydalarını anlayır və gənclərin keyfiyyətli təhsil almağına şərait yaratmaq məqsədi ilə bir sıra layihələrə həyata keçirir. ARDNŞ-nin təhsil istiqamətində fəaliyyətlərinə misal olaraq daxili təqaüd, peşə məktəbləri ilə işlər, yay məktəbi layihəsi və xarici təqaüd proqramını qeyd etmək mümkündür. Sözsüz ki, bu layilərdən hər hansı birinin iştirakçısı olmaq böyük əzm, zəhmət və öz üzərində davamlı olaraq çalışmağı tələb edir. Mən də öz növbəmdə, ARDNŞ-nin xaricdə təhsil proqramı çərçivəsində 2011-2012-ci illər ərzində Böyük Britaniyanın ən nüfüzlu ali təhsil ocaqlarından olan Vorvik Biznes Məktəbində İnsan Resurslarının İdarəedilməsi ixtisası üzrə
magistratura pilləsində təhsil almışam. Təhsilimi başa vurduqdan qısa müddət sonra ARDNŞ-nin İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsində kadrların hazırlığı üzrə mühəndis vəzifəsinə təyin edilmişəm. Xaricdə təhsil dedikdə təəssüf ki, əksər halda insanların ilk ağlına gələcək fikir yalnız keyfiyyətli təhsil almaq və işlədiyi sahənin ekspertinə çevrilməkdir. Lakin, qeyd olunması vacib nöqtələrdən biri odur ki, xaricdə təhsil almaq insanı yalnız ixtisas aldığı sahənin mütəxəssisi kimi formalaşdırmaqla məhdudlaşmır. Xaricdə təhsil, insanı ixtisas sahəsinin mütəxəssisinə çevirməklə yanaşı, ona müstəqil qərarlar qəbul etməyi, ünsiyyət və müzakirə qabiliyyətini artırmağı, irqindən, milliyyətindən və həyata baxışından asılı olmayaraq insanlara bir fərd kimi yanaşmağı öyrədir. Saydıqlarımı bir cümlədə ümumiləşdirsək, xaricdə təhsil imkanı tələbələrə demokratik düşünmə bacarığını aşılayaraq bir şəxsiyyət kimi formalaşmaqlarında əvəzedilməz rol oynayır və gələcək həyat və karyeralarında yeni bir pəncərə açır. Şübhəsiz ki, xaricdə təhsil almaq imkanına yiyələnmək çox qürur verici bir nailiyyət olduğu qədər, bir o qədər də məsuliyyətli bir işdir. Bunu qeyd etməyimdə ən başlıca səbəblərdən biri fərqli təhsil sisteminə uyğunlaşmaqdır. Bununla yanaşı mədəniyyət və düşüncə baxımından da fərqli bir mühitə adaptasiya güclü iradə və əzm tələb edir. Əlbəttə ki, əgər alacağın təhsilin qarşılığı olaraq əldə edəcəyin hədəflər aydın şəkildə görünürsə, bu çətinliklər öhdəsindən gəlinməyəcək maneələr deyil. Qeyd olunanları nəzərə alaraq, ARDNŞ-nin gənclərə göstərdiyi bu qayğını olduqca təqdirəlayiq hesab edirəm və yüksək qiymətləndirirəm. Təbii ki, xaricdə təhsil layihəsinin ərsəyə gəlməsində əməyi olan ARDNŞ rəhbərliyinə və layihənin icrasında əvəzedilməz rolu olan İnsan Resursları Departmenti Təlim və inkişaf şöbəsinin əməkdaşlarına ehtiramımı və dərin minnətdarlığımı bildirirəm.

Zaman Qəhrəmanov - Böyük Britaniya
Qloballaşan müasir dünyada dövlətlər arasında əməkdaşlıq münasibətlərinin formalaşmasında və inkişafında, beynəlxalq ticarət əlaqələri son dərəcə mühüm rol oynayır. Bu da təsadüfi deyildir, çünki bütün zamanlarda dövlətlər arası münasibətlərin genezisində iqtisadi maraqlar dayanmışdır. Totalitar Sovet dövləti ticarəti özünün rəsmi ideologiyasına zidd olan bir ünsür kimi qiymətləndirdiyindən daxili ticarəti ciddi dövlət nəzarətində saxlamağa, xarici ticarəti isə tamamilə öz inhisarında cəmləşdirməyə çalışırdı. Demək olar ki, ticarət fəaliyyəti dövlətin tam nəzarətində və inhisarında olduğundan bu sahədə zəruri ideologiyanın, psixologiyanın, peşəkar kadrların formalaşması üçün ciddi maneələr yaranmışdır. Dövlətimiz müstəqillik əldə etdikdən sonra iqtisadiyyatda Bazar münasibətlərinin sürətli inkişafını təmin etmək üçün bir sıra islahatlar həyata keçirilmiş, zəruri hüquqi baza yaradılmış, Azərbaycan bir çox beynəlxalq
iqtisadi və ticarət təşkilatlarına üzv olmuşdur. Məlum məsələdir ki, hər hansı fəaliyyət sahəsinin inkişafı üçün zəruri hüquqi bazanın yaradılması, institutların formalaşdırılması mühüm rol oynasa da, əsas aparıcı element kimi həmin sahə üzrə peşəkar kadrların hazırlanması çıxış edir. Peşəkar kadrların hazırlanması isə birinci növbədə zəruri nəzəri biliklərin əldə olunmasını tələb edir. Bütün bunlar Beynəlxalqbiznes və kommersiya hüququ ixtisasını müasir dövrün ən maraqlı və perspektivli fəaliyyət növlərindən birinə çevirir. Beynəlxalq ticarətdən danışarkən nəzərə almaq lazımdır ki, "Ticarət" termini ikili məna daşıyır: bir tərəfdən iqtisadiyyatın müstəqil sahəsi kimi səciyyələnir, digər tərəfdən isə əmtəələrin alqı-satqı aktlarının həyata keçirilməsinə yönəlmiş mübadilə prosesini əks etdirir. Beynəlxalq ticarət fəaliyyəti ticarətin ikinci aspektini-mənfəət əldə etmək məqsədi ilə alqı-satqı aktlarının həyata keçirilməsinə yönəldilmiş biznes proseslərini özündə əks etdirir. Belə ki, Beynəlxalq ticarət əlaqələrinin inkişafı Respublikamız üçün özünün ilkin formalaşma dövrünü yaşadığından hələ bir çox institutlar yaradılmamışdır. Odur ki, bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasında qabaqcıl dövlətlərin təcrübəsindən yararlanmaq və Qərbin illər boyu əldə etmiş biliklərini Azərbaycanda tətbiq etmək daha səmərəli və məqsədəuyğun hesab edirəm, bu da mənim ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində Böyük Britaniyanın Mançester Universitetində magistratura pilləsində təhsil almağımın əsas səbəbidir. Vətəndən kənarda təhsil aldığım dövrdə yeni zirvələri fəth etməklə yanaşı bu yolda olan çətinlikləri dəf etmək, yeni mühitə uyğunlaşma və məqsədimə doğru gedən yolda çətinlikləri aradan qaldırmağımı öyrəndim. Hal-hazırda mən SOCAR-nın Azərbaycan(EySC)Limitid şirkətində işləyərək əldə etdiyim biliklərin praktikada tətbiqini və ixtisasımın incəliklərini öyrənməkdə davam edirəm. Onu da qeyd etmək istəyirəm ki, Böyük Britaniyada əldə etdiyim həyat təcrübəsi mənim üçün böyük bir anlam daşıyır və anladım ki, həyat bir mübarizədir, daima inkişaf etmək üçün və seçdiyin peşədə mahir mütəxəssis olmaq üçün öz üzərində daima çalışmalısan.

Kamal Dadaşov - Fransa
Hər kəs mütəmadi şəkildə nəzəri və praktik bilikləri artırmaq məqsədi ilə öz üzərində çalışmalı, işlədiyi sahə üzrə yenilikləri öyrənməli və əldə etdiyi bilikləri tətbiq etməyi bacarmalıdır. Bu məqsədlə mən də ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində Fransanın Rouen Business məktəbində Maliyyə ixtisası üzrə magistr təhsili aldım. Təhsil proqramının praktik yönümlü olması mənim aidiyyatı sahə üzrə bilikləri daha tez zamanda qavramağa imkan yaratdı. Ümumiyyətlə, Fransada təhsil praktik yönümlu olması ilə seçilir və təhsil Fransa sistemi nəzəri biliklərlə yanaşı təhsil müddətində təcrübə keçmək imkanı verir. Təhsil proqramını bitirdikdən sonra J.P.Morgan investisiya bankında təcrübə keçməyə dəvət olundum və sözsüz burada aldığım təcrübə mənə oxuduğum sahə üzrə biliklərimin təkmilləşmə zirvəsi oldu. Bundan əlavə,
Fransada yaşadığım dövr mənə insanlarla ünsiyyət qurmağa, yeni dostlara yiyələnməyə imkan yaratdı, Avropa mədəniyyətinə sahib olmağa, dünya görüşümü artırmağa və ən əsası sərbəst yaşama imkanlarını öyrətdi. ARDNŞ tərəfindən göstərilən etimada görə əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Mən də öz növbəmdə, yiyələndiyim bilikəri ARDNŞ-nin gələcək inkişafına sərf etmək məqsədilə bütün səylərimi ortaya qoymağa çalışacam.

Arsen Asvarov - Almaniya
Azərbaycanın son illərdəki inkişaf tempinin nəticəsi kimi əmək bazarında tələbat və rəqabət də artdı. Zamanın damarını tutaraq universiteti bitirib bakalavr dərəcəsi aldıqdan sonra Qərbi Avropanın ali təhsil müəssisələrindən birində magistr dərəcəsi almaq qərarını verdim. Bu ərəfədə ARDNŞ-nin Gənclərin xaricdə təhsilləri üzrə Təqaüd Proqramının yaranması əsl yerinə düşdü. Mən Almaniya və Avropanın ən sıx məskunlaşmış regionunda yerləşən Rur, Dortmund Texniki Universitetinə Layihələrin idarə olunması ixtisası üzrə qəbul aldım. İlk öncə yüksək ixtisaslı müəllim heyyəti, tədris sisteminin qeyri-adiliyi və həmkar tələbələrin inkişaf səviyyələri məni yaxşı mənada təəccübləndirdi. Təbii bütün bunlar məndə bir tələbə kimi məsuliyyət hissini və tələbkarlığı artırdı, istər ümumi inkişafımda, istərsə də dünyagörüşümə öz müsbət təsirini
göstərdi. Tədris prosesini daha maraqlı və cazibədar edən amillərdən biri də bəzən məruzələrin Polşa, İspaniya və digər Avropa ölkələrində və ya Almaniyanın böyük şirkətlərində (Sony Ericsson, RWE) keçirilməsi, habelə bu şirkətlərin rəhbərləri ilə görüşlərin təşkil edilməsi idi. Əlbəttə, o mühitdə yaşayarkən, təhsil alarkən Avropanın mədəni təsirindən kənarda qalmaq mümkün deyil. Təhsil aldığım 2 il yaddaşımda dərin xatirələr buraxan gəzintilərlə də müşaiyət olundu. Ümumiyyətlə, əminəm ki, Almaniyada keçirtdiyim bu iki il həm vaxt, həm də sərf edilən zəhmət baxımından gözəl yatırım idi və mən bunu ARDNŞ-də gündəlik işimdə sübut etməyə çalışıram.

Aqşin Yolçuyev - Böyük Britaniya
Şübhəsiz ki, hər bir ölkənin sürətli inkişafına təsir göstərən əsas amil təhsildir. Elə müasir Azərbaycan gənclərinin əsas məqsədlərindən biri də nüfüzlu universitetlərdə təhsil alaraq bu inkişaf yolunda bir iz buraxmaqdır.  Mən də özümü bu gənclərin sırasında görürəm.
Universitetə qəbul olmaq və yekunda məzun olmaq çoxmərhələli prosesdir. Əlbəttə ki, hər bir mərhələni uğurla bitirmək məsuliyyətli işdir.
İlkin addımlar...Hərbi xidmətdə olduğum zaman elektron ünvanıma gələn məktub hədsiz sevincimə səbəb oldu. Məktubun məzmununda müraciət etdiyim universitetlərdən müsbət cavab gəldiyi bildirilmişdi. Bu sevinc hissi məni daim hərbi xidmətdən sonrakı mərhələ barəsində düşünməyə məcbur edirdi. Növbəti mərhələ isə ARDNŞ-nin Xarici Təqaüd Proqramına müraciət etmək və onun qalibi olmaq idi. Xoşbəxtlikdən bu mərhələni də uğurla başa
vurdum və Böyük Britaniyanın Queen’s universitetinə təhsil almağa yollandım... Şimali İrlandiyada yaşadığım müddət çox olmasa da,  dərin təəssüratlarla həkk olunub. Təhsil aldığım  Queen’s univesitetində ilk azərbaycanlı tələbə olmaq  xüsusi qürurverici bir hal idi. Tamamilə fərqli yaşayış tərzi, adət-ənənəyə malik olan bir ölkədə yaşamaq adama fərqli hisslər yaşadır və eyni zamanda yeni həyat təcrübəsi verir. Təhsilimin ilk günlərində özümü yerli tələbələrlə müqayisə edir, onların bu təhsil sistemi ilə artıq tanış olduqlarını və hər şeyi daha sərbəst qəbul etdiklərinin şahidi olurdum.  Ancaq bir müddər sonra yeni mühitə uyğunlaşmağa və onlar kimi düşünməyə başladım ki, bu da mənim özümə güvənməyimə səbəb oldu.
Təhsilimi başa vurub Vətənə döndükdən sonra ARDNŞ-də nəzəri biliklərimi tətbiq etmək imkanı qazandım, belə ki, hazırda ARDNŞ-nin Baş ofisində, Maliyyə və Xəzinədarlıq şöbəsində çalışıram. Bir təqaüdçü olaraq  ARDNŞ-də çalışdığıma görə çox xoşbəxtəm.
Əlbəttə ki, yuxarıda sadaladığım sevinc hisslərini yaşamağa səbəb olan əsas faktor ARDNŞ-dir. Biz gənclərə təhsil və karyera yolunda böyük dayaq olduğuna görə ARDNŞ rəhbərliyinə və təşkilatçılara, təşəkkürümü bildirirəm!

Gülarə Abdullayeva - İsveç
Bəzən arzulara, xəyallara qovuşmaq üçün uzaq dənizlər, çaylar, okeanlar keçməli olursan. Mən də illərlə xəyalımda yaşatdığım, günün birində reallaşacağına inandığım arzularımın gerçəkləşməsi üçün dənizlərin üzərindən keçməli oldum. İsveçin Lund Universitetinin "İnformasiya sistemləri" ixtisasi üzrə magistr təhsili mənə çox şeylər verdi. Tanımadığım, bilmədiyim insanlarla ünsiyyət, yeni dostlar, yeni tanışlar və ən nəhayət ixtisasımın təkmilləşməsi üçün yeni və faydalı biliklər. Bir də təhsil müddətimdə vətənimə, doğma Azərbaycanıma kənardan baxmaq imkanım oldu. Yenidən bu yurdu, bu torpağı, doğma Bakımı sevdim, onun dünyanın bütün gözəlliklərinin fövqündə dayandığının şahidi oldum. İsveçdə qazandığım biliklərimi və təcrübəmi vətənimə qayıtdıqdan sonra burada tətbiq edəcəyimə söz verdim. Bu gün isə dünyanın ən
tanınmış, ən dinamik inkişaf edən neft şirkətində çalışmağımdan böyük qürur duyuram. Mənim üçün arzuladığım böyük dünyaya qapılar açan ARDNŞ-da minnətdarlıq hissi və duyğuları ilə böyük həvəslə işləyirəm. Və əminəm ki, öz Xarici Təqaüd Proqramı ilə qarşımda böyük üfüqlər açan ARDNŞ-də daha böyük nailiyyətlərə imza atacağam. Çünki mənim yalnız irəliyə və inkişafa doğru prinsipim var. Bu prinsip isə mənim həyat idealımdır.

Kamran Hüseynov - Amerika Birləşmiş Ştatları
ARDNŞ bu gün dünyanın ən dinamik inkişaf edən neft şirkətlərindən biridir. Şirkətin inkişafının əsas göstəriçilərindən biri də gənclərin inkişafına yönəlmiş təqaüd proqramıdır. Bu proqram hər il onlarla tələbələrə dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı yaradır.
Mən də bu proqramda iştirak etmək imkanı əldə etdim və nəticədə unudulmaz təcrübə topladım. Mən Hyuston Universitetinin mexanika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsini almışam. Maraqlı fənnlərin müxtəlifliyi mənə təhsil aldığım müddətdə ixtisasımın incəliklərini dərindən və hərtərəfli daha həvəslə mənimsəmək imkanı yaratmışdır. Təhsil illərim ərzində dünyada məşhur olan Halliburton və Schumberger neft şirkətləri tərəfindən təşkil edilən müxtəlif seminar-treninqlərdə iştirak edərək biliklərimi
daha da genişləndirmişəm. Son olaraq onu qeyd etmək istəyirəm ki, ABŞ-dakı həyat mənim üçün böyük təcrübə olmuşdur, mən bütün çətinliklərə qarşı gələrək anladım ki, daima qarşıya qoyulan məqsədə nail olmaq üçün dayanmadan çalışmaq lazımdır. Hazırda mən Caspian Drilling Company-də işləyərək təcrübə toplayır və qazma mühəndisliyi sənətinin bütün incəliklərini qavramağa çalışıram. Mən yüksək ixtisaslı mütəxəssis olmağıma, biliyimin artırılmasına hər cür səy göstərəcəyəm və çalışacağam ki, öz biliyimi və əməyimi ARDNŞ-nın inkişafı naminə sərf edim.

Sevda Nemətli - Böyük Britaniya
Dünya artıq çox kiçikdir... Əgər 5-10 ölkəni, bəzən 20 ölkəni əhatə edən böyük şirkətlər, qurumlar, iş yerləri varsa, mən də karyera həyatımda ingilislə, amerikanla, inkişaf etmiş ölkələrdə mənim ixtisasım üzrə təhsil almış insanlarla rəqabət aparıram deməkdir. Rəqabəti bərabər şəraitdə, bərabər imkanlarla başlamaq həmişə yaxşıdır… Böyük Britaniya.. London mənim uşaqlıq arzum idi. SOCAR-a bunun üçün ömürlük minnətdar olacağam… Təqaüdlə Uels krallığında Kardiff şəhərində Kardiff Business Schoolda magistr kimi İnsan Resurslarının idarə edilməsi üzrə oxumuşam və hazırda ARDNŞ-nin baş ofisində, ixtisasım üzrə İnsan Resursları Departamentində işləyirəm. Xaricdə təhsil mənim üçün öz ixtisası üzrə dünyada ən üst yerlərdə mövqe tutan professorlardan dərs almaq, mənə akademik və ya professional sahədə əldə etmək istədiyim hər şeyi verə biləcək mühit, texnologiya, vəsait, təcrübə və əzm deməkdir. Təhsil sistemi və təhsil anlayışı, ümumiyyətlə öyrənmək prosesinə, tələbəyə yanaşma tamamilə fərqlidir. Burada çalışdığınız qədər çalışmaq orada sizə
lazım olan nəticəni vermir. 2 dəfə çox çalışmalısınız, fərqli üsulla çalışmalısınız… və öz fikirlərinizi, yanaşmanızı yaratmalısınız. Kitabdakı cümlələrlə universitet qurtarmaq mümkün deyil. Fərqli insanlar tanımaq, fərqli həyat tərzləri tanımaq və tolerantlığı öyrənmək, dünyanın bir çox yerindən dostlar, yeni bir şəhər, fərqli mədəniyyət, yeni bir ölkə və azadlıq işin əyləncəli tərəfidir.

Asif Əziz - Böyük Britaniya
ARDNŞ-nin Xarici Təqaüd Proqramına şirkətdə çalışdığım müddətdə müraciət etməməyimin yeganə səbəbi ilkin dövrlərdə proqramda iştirak üçün 30 yaş məhdudiyyətinin olması idi. Həmin məhdudiyyət aradan qaldırılanda sevincimin həddi anlaşılandı. Lakin mənim üçün daha sevindiricisi o oldu ki, University College London kimi dünya universitetləri reytinqində ilk yerlərdən birini tutan ali məktəb haqqında Şirkət rəhbərliyinə əlavə məlumat verməyə ehtiyac olmadı. Proqramın qərarvericiləri həmin an təhsilimi davam etdirmək qərarıma hərtərəfli dəstək verdilər. İlkin təhsilim "Beynəlxalq münasibətlər" idi. Bu sahənin enerji siyasəti istiqamətinə marağım məni ARDNŞ-ə gətirmişdi. Artıq hər kəsə məlum həqiqətdir ki, neft-qaz və siyasət yaşadığımız əsrdə ayrılmaz məvhumlara çevrilmişdir. Azərbaycanda həyata keçirilən qlobal əhəmiyyətli enerji layihələri, bu layihələrin dünya siyasətinə təsiri, Avropa Birliyinin
enerji siyasətinin necə təyin edilməsi kimi məsələlər məni UCL-in Avropada dövlət siyasəti proqramı üzrə magistraturasında təhsil almağa həvəsləndirmişdi.
London... Hər şey yeni və fərqli, amma eyni zamanda olduqca doğma idi. İndi də tez-tez özümə verdiyim sual budur – Bu şəhəri bu qədər sevməyimin səbəbi nə idi? Yəqin ki, ilk növbədə fərqliliyi, özünəməxsusluğu sevməyim. Amma eyni zamanda bu şəhərin, bu universitetin mənə öyrətdikləri. Bu yaşda həyata başqa, daha praqmatik gözlərlə baxmağa başladım. Həyatımın böyük hissəsinin təhsillə bağlı keçdiyinə baxmayaraq, yalnız indi təhsilin, həm də keyfiyyətli təhsilin insanın inkişafı (bütün mənalarda), onun həyatda irəliləməsi üçün nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini daha dərindən dərk etməyə başladım.
Bunları anlamağa mənə yol açdığı üçün ARDNŞ-nin Xarici Təqaüd Proqramına hər zaman minnətdar olacam!

Aysel İsayeva - Böyük Britaniya
ARDNŞ-nin Təqaüd proqramı çərçivəsində İngiltərənin "Cass Business School" biznes məktəbində Energetika, ticarət və maliyyə üzrə magistr dərəcəsi aldım. Xaricdə təhsil aldığım zaman yeni biliklərə yiyələnməklə yanaşı, çətinlikləri dəf etməyi, yeni mühitə tez uyğunlaşmağı və qoyduğum məqsədə doğru gedən yolda maneələri aradan qaldırmağı öyrəndim. Təqaüd proqramı üzrə xaricə getməzdən öncə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışdığımdan və artıq müəyyən təcrübəm olduğundan, keçdiyim fənlərə daha böyük maraqla yanaşaraq verilən imkanlardan yetərincə istifadə etməyə çalışırdım. Keçdiyim fənlər Neft və Qaz sənayesinin bir çox aspektlərinə toxundu və mənim dünya görüşümü daha da genişləndirməkdə böyük rol oynadı. Bundan əlavə, Biznes məktəbi tərəfindən təşkil olunmuş çoxsaylı görüşlərdə Neft və Qaz sənayesinin görkəmli nümayəndələri ilə tanış olmaq və onların təcrübələrindən faydalanmaq imkanı mənə mütəxəssis kimi yetişməkdə
böyük köməklik göstərdi. Əldə etdiyim bu imkana görə ARDNŞ-yə minnətdaram və ümid edirəm ki, gələcəkdə mən də Azərbaycanın Neft və Qaz sənayesinə öz töhfəmi vermiş mütəxəssislərin sırasında olacağam.

Araz İbrahimov - Almaniya
Mən Beynəlxalq maliyyə üzrə magistr təhsilimi Azərbaycan Respublikası gənclərinin xaricdə təhsilləri üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təqaüd Proqramı vasitəsilə Almaniyanın Nürtingen Universitetində almışam. Xaricdə oxuduğum müddətdə müxtəlif ölkələrdən olan tələbələrlə ünsiyyət qurdum, nəticədə müxtəlif ölkələrin adətləri ilə tanış oldum və yeni dostlar qazandim. Bütün bunlarla yanaşı Azərbaycanı bacardığım qədər təmsil edərək əcnəbilərə ölkəmiz haqqında geniş məlumat vermiş oldum. Xaricdə təhsil mənə həyat təcrübəsi olan və müstəqil fikir yürüdən bir fərd kimi inkişaf etməkdə yardımçı oldu. Beynəlmiləlləşmə proseslərininin iqtisadiyyata birbaşa təsirini nəzərə alaraq, öyrəndiyim nəzəri biliklərin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin enerji sahəsindəki yatırımlarının səmərəliliyinin artırılması yönündə tətbiq edilməsi mənim üçün ən ümdə vəzifələrdəndir.

Ənvər Dəmirov - Böyük Britaniya
Sirr deyil ki, uğurlu karyera qurmaq istəyən hər bir gənc ilk növbədə keyfiyyətli təhsil almalıdır. Özünə yüksək hədəflər qoymuş hər kəs dünyanın nüfuzlu universitetlərində daha keyfiyyətli təhsil almağa cəhd etməlidir. ARDNŞ mənə yüksək səviyyədə təhsil almaq üçün şərait yaratdı və mən Xarici Təqaüd Proqramından yararlanaraq 2010-2011-ci illərdə magistratura təhsilimi Böyük Britaniyanın "Newcastle Upon Tyne" universitetinin Biznes Məktəbində aldım. 
Britaniyada təhsil mənə nəzəri və təcrübi biliklərimi daha da zənginləşdirməyə, idarəetmə və iqtisadiyyat sahələrində dünya təcrübəsini daha yaxından öyrənməyə imkan verdi. Bunun nəticəsi olaraq mən hazırda ARDNŞ-nin baş ofisinin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsində iqtisadçi vəzifəsində çalışıram. Xaricdəki təhsilim zamanı yiyələndiyim biliklərin hal-hazırki işimdə tətbiqi isə sərf etdiyim vaxt və zəhmətin hədər olmadığını göstərir.
Avropada təhsil almağın üstünlükləri bununla bitmir. Dünyagörüşünün artması, yeni mədəniyyətlərlə tanışlıq, yeni dostluqlar, tək və sərbəst yaşama insanın şəxsiyyət kimi formalaşmağına öz təsirini göstərir. Bir sözlə, ARDNŞ təqaüd proqramı çərçivəsində Avropada təhsil almağım mənim həm bir peşəkar kadr, həm də müstəqil, daha məsuliyyətli və hərtəfli insan kimi formalaşmağımda əsaslı rol oynadı.

Orxan Heydərov - Fransa
Fransada təhsillə bağlı təəssüratlarım çox müsbət və pozitivdir. ARDNŞ-nin Xaricdə Təqaüd Proqramı çərçivəsində Fransanın Nansi Geologiya Universitetində lay mühəndisliyi ixtisasi üzrə magistr təhsili almışam. Avropada, xüsusilə də Fransada təhsil nəinki mükəmməl bililklərə yiyələnməyə, həmçinin insanın dünya görüşünün artmasına, dünyaya fərqli baxışa, müxtəlif mədəniyyətə və adət-ənənələrə malik insanlarla ünsiyyətə, çoxsaylı dostların qazanılmasına və sərbəstliyə geniş imkanlar yaradır. Lakin bunlardan əlavə, hər bir tələbəyə öz məmləkətini, mədəniyyətini və adət-ənənələrini digər millətlərin nümayəndələrinə yüksək səviyyədə çatdırılması şansı verilir ki, bu da boyük məsuliyyətdir. Bir sözlə xarici tələbələr təhsil aldıqları universitetlərdə öz ölkələrinin səfiri rolunu oynamış olur.Qeyd edim ki, mənim təhsil aldığım universitet-
də ilk azərbaycanlıtələbə olmağım bu məsuliyyəti və öhdəliyi daha da artırırdı. Bir daha bu proqramın təsisçilərinə və yaradılmasında əməyi keçən hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm və hazırda təhsilini davam etdirən təqaüdçülərə təhsillərində uğurlar arzu edirəm.

Murad Mehdiyev - Almaniya
Almaniyada təhsil ixtisas üzrə biliyimi artırmaqla yanaşı, dünyagörüşümün artmasında mühüm rol oynadı. Avropa təhsilini və mədəniyyətini öyrənmək, öyrəndiklərimi Azərbaycana gətirmək və burada tətbiq etmək mənim üçün çox qürurvericidir. Saarland Universitetində Beynəlxalq iqtisadi hüquq sahəsində təhsilimi başa vurduqdan sonra, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Sərmayələr İdarəsində işləməyə başladım. Bu, mənim nəzəri və təcrübi biliklərimin artmasında müstəsna əhəmiyyətə malik oldu. Xarici ölkədə müstəqil yaşamaq, təhsil almaq, təkbaşına qərarlar qəbul etmək mənə çox böyük özünə inam qazandırdı. İşlədiyim kollektiv, şirkətin rəhbərliyinin işçilərə və xüsusilə təqaüdçülərə olan münasibəti bu proqramı seçməkdə doğru addım atmış olduğumu mənə bir daha sübut etdi.
Təsadüfi deyil ki, ARDNŞ bir sıra layihələrin məsuliyyətini təqaüdçülərin öhdəsinə buraxdı ki, bu məsuliyyətin öhdəsindən biz təqaüdçülər məncə layiqincə gəldik.ARDNŞ sürətlə inkişaf edir. Qarşıdakı hədəflərdən ən başlıcası Şirkətin nüfuzunu beynəlxalq aləmdə yüksəltməkdir və mən ümid edirəm ki, bu işdə mən və ARDNŞ-nin digər təqaüdçüləri fəal iştirakçı olacağıq.

Rəşid Abbasov - Böyük Britaniya
Ali təhsil almaq və ali təhsil məktəbində oxumaq çox uzun və çətin bir prosesdir və təbii ki bu prosesin nə dərəcədə uğurlu keçib keçməməsini bilmək üçün yekunda əldə edilən iş yerinə nəzər yetirmək zəruridir. Bu gün mənim işlədiyim vəzifəyə baxanda isə əminliklə demək olar ki təhsilə sərf etdiyim vaxt boş yerə getməyib. Hal-hazırda mən, ARDNŞ-in baş ofisinin Büdcə və İdarəetmə hesabatlarının hazırlanması şöbəsində aparıcı iqtisadçı vəzifəsində çalışıram. Şübhəsiz ki, karyeramda əldə etdiyim uğurlar birbaşa Böyük Britaniyada "Newcastle Upon Tyne" universitetinin Biznes Məktəbində 2009-2010 illər ərzində təhsil aldığım Magistr pilləsi iləbağlıdır.Ona baxmayaraq ki, bir il ilk baxışdan çox qısa bir vaxtdır
bu zaman ərzində mən "Newcastle" universitetində saysız hesabsız bilik və bacarıqlara nail oldum. Başqa sözlərlə ifadə etsək,"Newcastle" universitetində bir insanın vaxtını daima maksimum dərəcədə səmərəli keçirmək üçün bütün zəruri olan şərait yaradılmışdı. Sonunda onu qeyd etmək istərdim ki, xaricdə aldığım təhsil və həmin il ərzində öyrəndiyim bacarıqlar məni bu gün müstəqil, fərqli düşüncəli, və məsuliyyətli bir şəxsiyyət kimi formalaşdırıblar.

Emil Alxaslı - Fransa
ARDNŞ və TOTAL-ın əməkdaşlığı çərçivəsində Təqaüd Proqramı vasitəsilə Fransanın Neft İnstitutunda Neft iqtisadiyyatı və menecmenti ixtisası üzrə təhsil aldım. Təhsil müddətində mühitə uyğunlaşma, xarici təhsil sistemi, yeni tanışlıqlar, əldə etdiyim biliklər mənim fərdi və peşəkar inkişafıma öz töhvəsini verdi.
Oxuduğum müddətdə Neftin hasilatı və nəqliyyatını, emalı və satışını geniş şəkildə öyrəndim ki, bu da mənim iş təcrübəmdə müsbət rol oynadı. Dərslər Neft sənayesinin aktiv iştirakçıları, ekspertləri tərəfindən keçilirdi. Xüsusi məşğələlər və qrup yarışmaları iş şəraitinə tez bir zamanda uyğunlaşmağa şərait yaratdı.
Ümumiyyətlə əldə etdiyim təhsil sayəsində neft sənayesi üzrə biliklərimi artırdım, dünya görüşümü inkişaf etdirdim, müstəqil qərarlar qəbul etməyi öyrəndim.

Tağı Tağızadə - Fransa
Audensiyanın Menecment üzrə beynəlxalq magistr proqramı məni dəyişən qlobal biznes mühitinin çətinlikləri ilə üzləşməyə hazırladı. İnanıram ki, mən orada məsuliyyətli qərarlar verib onların davamlı həyata keçirilmə yollarını öyrənmişəm. Mən Fransaya Total təqaüd proqramının iştirakçısı kimi getmişdim və məzun olduqdan sonra Avropanın enerji təhlükəsizliyi və iqtisadiyyatında mühüm rolu olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətində karyera həyatına başladım. Audensiyada əldə etdiyim biliklərlə bir gün qlobal miqyaslı təsirə malik addımlar atacağama ümid edirəm.